2025-ci il mayın 23-də “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən respublika elmi konfransında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova iştirak etmiş və məzmunlu çıxışla çıxış etmişdir.
Professor Afət Abbasova çıxışında Azərbaycanın zəngin kitabxana ənənələrindən bəhs edərək vurğulamışdır ki, orta əsrlərdən etibarən ölkədə formalaşan kitabxanalar təkcə bilik mənbəyi deyil, həm də cəmiyyətin mənəvi və intellektual inkişafında əvəzsiz rol oynayan mədəniyyət mərkəzləri olmuşdur. Tarix boyu bir sıra mərhələlərdən keçən Azərbaycan kitabxanaçılığı XX əsrin ikinci yarısından başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Professor Afət Abbasova qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə kitabxana işi dövlət səviyyəsində xüsusi diqqət və qayğı ilə əhatə olunmuş, bu sahənin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində müstəqillik dövründə kitabxanaların ləğvi ilə bağlı təhlükənin qarşısı alınmış, onların qorunması və inkişafı təmin olunmuşdur. 1998-ci ildə qəbul olunmuş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu kitabxana sahəsində hüquqi tənzimləmənin əsasını qoyaraq, kitabxana fəaliyyətinin dövlət siyasətinə çevrilməsinə zəmin yaratmışdır.
Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətə də xüsusi yer ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu baxımdan kitabxana sahəsində infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiqi, müasir informasiya xidmətlərinin formalaşdırılması və intellektual resurslara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Professor Afət Abbasova Prezident Kitabxanasının fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, Prezident Kitabxanasının əsası Ümummilli lider Heydər Əliyevin 2003-cü il 23 yanvar tarixli Sərəncamı ilə qoyulmuşdur. Bu Sərəncam kitabxana işinin yeni mərhələyə keçidini və dövlət səviyyəsində informasiya siyasətinin tərkib hissəsinə çevrilməsini təmin etdi. Bu Sərəncam həm kitabxanaçılıq sistemində institusional islahatların başlanğıcı, həm də Prezident Kitabxanasının gələcək inkişafının təməli oldu.
Çıxışında professor Afət Abbasova həmçinin vurğulamışdır ki, Prezident Kitabxanasında ənənəvi kitabxana xidmətləri ilə yanaşı, müasir texnologiyalara əsaslanan innovativ xidmətlər də geniş şəkildə tətbiq olunur. Elektron resursların yaradılması, sənədlərin tam mətnlərinin rəqəmsal formada çatdırılması, onlayn axtarış sistemləri, rəqəmsal bazalara çıxış və virtual xidmət modelləri əsasında oxuculara operativ və yüksək səviyyəli informasiya dəstəyi göstərilir. Bu yanaşma Prezident Kitabxanasının ölkədə informasiya cəmiyyətinin inkişafında mühüm rol oynayan aparıcı mərkəzlərdən birinə çevrilməsinə şərait yaratmışdır.
Professor Afət Abbasovanın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.