Prezident Kitabxanasının fondu “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 10-cu cildi ilə zənginləşib. Bu nəşr 29 noyabr 1995 – 20 yanvar 1996-cı il tarixlərini əhatə edir və həmin dövrdə Ümummilli lider Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları və digər əhəmiyyətli materialları bir araya gətirir.
Kitabda Heydər Əliyevin Londonda, Adam Smit İnstitutunun təşəbbüsü ilə keçirilmiş “Azərbaycanda İnvestisiya İmkanları” mövzusunda beynəlxalq konfransda söylədiyi nitq, beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr və Fransaya səfəri zamanı dövlət və hökumət nümayəndələri, eləcə də işgüzar dairələrlə apardığı görüşlər təqdim olunur. Həmçinin, Türkiyə Prezidenti Süleyman Dəmirəlin ölkəmizə səfəri zamanı keçirilmiş rəsmi görüşlər, Xalq yazıçısı Yusif Səmədoğlunun 60 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik də cilddə əks olunub.
Nəşr Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə qarşıya çıxan çətinliklərin aradan qaldırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müşavirədəki çıxışlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması və daxili-xarici siyasətin əsas istiqamətləri barədə digər vacib materialları da əhatə edir.
Tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün dəyərli bir qaynaq olan bu cild Ümummilli lider Heydər Əliyevin fəaliyyəti və müstəqillik illərinin tarixi proseslərini tam və ətraflı şəkildə təqdim edir. Kitab oxuculara həmin dövrün mühüm siyasi və sosial hadisələrini yaxından tanımaq və anlamaq imkanı yaradır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
10-cu kitab: noyabr, 1995 - yanvar, 1996.- Təkrar nəşr.- Bakı: Azərnəşr, 2025.- 400 s.