Xəbərlər

AMEA Nəsimi adına Dilçilik İnstitutundan Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutundan Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutundan Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Prezident Kitabxanasına dilçilik və əlaqəli sahələri əhatə edən 12 adda 15 nüsxə elmi nəşr hədiyyə olunub. Fondlara daxil edilən bu nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, eləcə də klassik ədəbi irsin dil xüsusiyyətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Nəşrlərdə Azərbaycan ədəbi dilinin formalaşma və inkişaf proseslərinə dair fundamental araşdırmalar, klassik mətnlərin tekstoloji-linqvistik təhlili, türk dillərinin müqayisəli öyrənilməsi və müxtəlif sahələr üzrə terminoloji sistemlərin formalaşdırılması istiqamətində aparılmış tədqiqatlar yer alır. Bununla yanaşı, dil siyasəti, türkoloji fikir tarixi və elmi mühitin inkişafına təsir göstərmiş mühüm hadisə və şəxsiyyətlərə dair araşdırmalar işıqlandırılır.

Fonda daxil edilən nəşrlər arasında 1926-cı il Türkoloji Qurultayına, arxiv sənədlərinə əsaslanan tarixi tədqiqatlara, dialektologiya və müasir terminologiya məsələlərinə həsr olunmuş əsərlər xüsusi yer tutur.

Hədiyyə edilən nəşrlər təkcə ixtisaslaşmış mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyası üçün əhəmiyyətli elmi-informasiya mənbəyidir. Bu kitablar dilçilər, filoloqlar, tarixçilər, tərcüməçilər, ali təhsil müəssisələrinin tələbə və tədqiqatçıları ilə yanaşı, Azərbaycan dilinin zənginliyini və inkişaf xüsusiyyətlərini daha dərindən öyrənmək istəyən oxucular üçün də praktik və nəzəri baxımdan faydalıdır.

Prezident Kitabxanası tərəfindən dəyərli hədiyyəyə görə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təşəkkür bildirilir.