Prezident Kitabxanasında alimlər, ziyalılar, ictimai və mədəniyyət xadimləri ilə görüşlər ənənəsi çərçivəsində növbəti görüş təşkil olunub. Kitabxananın qonağı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, pedaqoq və publisist Kamalə Abiyeva olub.
Görüş zamanı Kamalə xanım Abiyeva Prezident Kitabxanasında həyata keçirilən fəaliyyət və fondların formalaşdırılması istiqamətində görülən işlərlə yaxından tanış olub. Qonaq kitabxana fondlarının zənginləşdirilməsinə töhfə verərək 23 adda 40 nüsxə kitabı Prezident Kitabxanasına hədiyyə edib.
Hədiyyə olunan əsərlər müxtəlif janr və mövzuları əhatə edir və onların arasında Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında monoqrafik tədqiqatlar, müasir nəsr və poeziya nümunələri, publisistik yazılar xüsusi yer tutur. Kitablar arasında Vətən və torpaq sevgisinə həsr olunmuş əsərlər, şəhidlərinin xatirəsini əbədiləşdirən yazılar, Birinci və İkinci Qarabağ müharibələrini işıqlandıran publisistik nəşrlər və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən kitablar yer alır.
Prezident Kitabxanası hədiyyə olunan kitablara görə Kamalə xanım Abiyevaya təşəkkürünü bildirir. Təqdim edilən nəşrlər fondların məzmun baxımından daha da zənginləşməsinə, milli ədəbiyyatın və publisistikanın qorunub saxlanılmasına, tədqiqatçı və oxucular üçün etibarlı elmi-ədəbi mənbə bazasının genişlənməsinə mühüm töhfə verir.