Tarixdən səhifələr

Məşhur neftçi Qurban Abbasov (Neftçi Qurban)

Məşhur neftçi Qurban Abbasov (Neftçi Qurban)

Qurban Abasqulu oğlu Abbasov, xalq arasında “Neftçi Qurban” adı ilə tanınan görkəmli neftçi, 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə “Artyomneft” trestində fəhlə kimi başlayan Qurban Abbasov daha sonra “Azərneft” Birliyinin qazma idarəsində qazmaçı və buruq ustası, sonrakı illərdə isə “Gürgənneft” NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində çalışmışdır. Əmək fəaliyyətini davam etdirərək, o, Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsini “Neft və qaz quyularının qazılması” ixtisası üzrə bitirmişdir.

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov, alim, geoloq və mühəndislərlə birlikdə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülmüş və 9 dəzgahı olan sahəyə rəis təyin olunmuşdur. Onun rəhbərliyi altında hər bir dəzgahın qazma sürəti 1400 metrə çatdırılmışdır. 1958-ci ildə Qurban Abbasov Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilmişdir.

1967–1980-ci illərdə o, “Xəzərdənizneftkəşfiyyat” trestinin müdiri, “Xəzərdənizneft” İB-nin baş direktor müavini və “Neft Daşları” NQÇİ-nin rəisi, 1980–1983-cü illərdə “Xəzərdənizneftqazsənaye” ÜİB-nin baş direktoru, 1988–1992-ci illərdə isə “Xəzərdənizneft” İB-nin baş direktoru olmuşdur. 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifəsində çalışmışdır.

Qurban Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri olmuş, “Şelf-1” tipli yarımdalma üzən qazma qurğularının Xəzər dənizində mənimsənilməsində xüsusi xidmətlər göstərmişdir. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki “Çıraq” yatağı) yatağın kəşf edilməsinə və yeni perspektivli strukturlarda kəşfiyyat işlərinin aparılmasına imkan yaratmışdır. Onun rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşası üçün istehsalat bazası yaradılmış və Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Qurban Abbasovun “28 Aprel”, “Kaveroçkin adına”, “26 Bakı Komissarı adına” və “Oktyabr İnqilabı adına” iri yataqların kəşfində xidmətləri əvəzsiz olmuş, xüsusilə “28 Aprel” yatağı onun yetişdirdiyi neftçi kollektivin uğuru sayılır. “Titan-2” üzən kranı da onun şərəfinə adlandırılmışdır.

1951-ci ildə “Neft Daşları” dəniz yatağının kəşfi və mənimsənilməsinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüş, 1972-ci ildə maili quyuların qazılmasına görə Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilmişdir. Neft və qaz sənayesindəki böyük nailiyyətlərinə görə o, həm Sosialist Əməyi Qəhrəmanı, həm də “Azərbaycanın neft ustası”, “SSRİ Əməkdar neftçisi” və “Azərbaycanın əməkdar mühəndisi” adlarına layiq görülmüşdür. Ölkə qarşısındakı xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı” ordenləri və medalları ilə təltif edilmişdir. Qurban Abbasov dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatı – Şöhrət ordenini alan ilk neftçi olmuşdur.

O, Sovet İKP-nin 22, 24, 25 və 27-ci qurultaylarının nümayəndəsi, AKP MK-nın üzvü, Asiya və Afrika ölkələri Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuş, həmçinin dörd dəfə SSRİ Ali Sovetinin və dörd dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

14 sentyabr 1994-cü ildə vəfat etmiş Qurban Abbasovun xatirəsi Azərbaycan neft sənayesində əbədi olaraq yaşadılmışdır. Onun şərəfinə üzən krana “Neftçi Qurban” adı verilmiş, həmçinin Mədəniyyət sarayı, məktəb, körpü və küçəyə adı verilərək xatirəsi əbədiləşdirilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həsənov, Vüqar. Neft daşları: gerçəkləşən əfsanə /[V. Həsənov, X. Ağayev (ön söz) ; red. B. Məmmədov] ; SOCAR. - Bakı: Qızıl kitab, 2021. - 196 s.
  2. Yusifzadə, Xoşbəxt Bağı oğlu. Ömrümün illəri və izləri / X. B. Yusifzadə ; red. Ə. Abbasov. - Bakı : OSKAR NPM, 2004. - 284 s.