Tarixdən səhifələr

Maşınqayırma sənayesi işçilərinin peşə bayramı günü

Maşınqayırma sənayesi işçilərinin peşə bayramı günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Maşınqayırma sənayesinin qısa tarixinə nəzər salanda aydın olur ki, dünyada elektrik maşınqayırma məhsullarının inkişaf prosesi həmişə sənaye texnologiyasının inkişafı ilə paralel getmişdir. Maşınqayırma sənayesində xalq təsərrüfatının texniki təminat bazası kimi dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqları hazırlanır. Azərbaycan qədim neft ölkəsi olduğundan burada neft maşınqayırmanın təşəkkül tapması da qanunauyğun haldır. 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verilmişdir. 1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycan erkən neftçıxarma mərkəzi kimi keçmiş Sovet İttifaqında neft maşınqayırma sənayesinin özəyini təşkil etmişdir. Neft-qaz maşınqayırma sənayesi birliyinin tarixi 1935-ci ildən başlayır. Həmin dövrdə neft-mədən avadanlıqlarının və alətlərinin istehsalı və təmiri müəssisələrinin birləşdirilməsi əsasında  "Azneftmaş" yaradılmış və sonralar Ümumittifaq Sənaye Birliyinə - "Soyuzneftmaş"a, daha sonra isə "Azneftkimyamaş" (22 mart 2001-ci il) Dövlət Şirkətinə çevrilmişdir.

Azərbaycanda sənayeləşmə siyasətinin müasir inkişaf mərhələsi ötən əsrin 70-80-ci illərində Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1970-1980-ci illərdə respublikanın neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil oldu. Bu sahənin strukturunda ciddi dəyişikliklər baş verdi, strateji müəssisələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı.  Bakıda “Səttarxan adına maşınqayırma zavodu”, “B. Sərdarov adına maşınqayırma zavodu”, "Bakı fəhləsi maşınqayırma zavodu ", “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”, “Suraxanı maşınqayırma zavodu” və s. müəssisələr fəaliyyət göstərir. Ulu öndərin təşəbbüsü ilə tikintisi Bakıda mümkün olan bu müəssisələr indi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu indiyədək çoxlu sayda dəniz özülləri və digər avadanlıqlar buraxır. Xəzərdə xarici şirkətlərlə birgə işlənən yataqlarda quraşdırılan platformalar məhz bu müəssisədə inşa edilir.

Son illərdə uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda aparılan sənayeləşmə prosesi daha sürətlə gedir. Maşınqayrıma sektorunun bölmələri üzrə son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində bir çox nailiyyətlər əldə edilmişdir. Sənayenin yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan müəssisələr yaradılmışdır. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.

Bununla yanaşı, güclü müdafiə sənayesinin qurulması istiqamətində də mühüm layihələr həyata keçirilməsi nəticəsində bu sahədə yeni tipli istehsal sahəsi üzrə müəssisələr qurulmuşdur. Azərbaycanda maşınqayırma sənayesinin gələcəkdə də inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir. Bu sahədə həyata keçirilən sistemli və ardıcıl fəaliyyət nəticəsində yeni iş yerləri açılmış makroiqtisadi sabitlik, dinamik iqtisadi artım və əhalinin sosial rifahı yüksəlmişdir.

Bu gün dövlətimizin qayğısı nəticəsində maşınqayırma sənaye işçiləri, ölkəmizin müasir sənayeləşmə hərəkatına, ixrac potensialının genişləndirilməsinə, yeni texnologiyaların tətbiq edilməsinə öz töhfəsini verirlər.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əjdərov, Təhmasib Hüseyn oğlu. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan sənayesi və onun inkişafına vergi mexanizminin təsiri / T. H. Əjdərov ; red. Q. R. Qeybullayev. - Bakı : Bakı Universiteti nəşriyyatı, 2001. - 154 s.
  2. Sadıqov, Fikrət. Heydər Əliyev və Azərbaycanın kimya sənayesi = Гейдар Алиев и химическая промышленность Азербайджана / F. M. Sadıqov ; tərc. Ü. Hüseynova ; red. T. N. Şahtaxtinski [et al.]. - Bakı : Azərbaycan nəşriyyatı, 2003. - 143 s.
  3. Əliyev, Natiq Ağaəmi oğlu. Azərbaycan neft və qaz sənayesi XXI əsrin astanasında = Azerbaijan oil and gas industry on the eve of the XXI century / N. A. Əliyev, X. B. Yusifzadə, E. Şahbazov ; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti. - Bakı : EksonMobil, 2009. - 70 s.
  4. Mustafayev, Əbdül Cabbar oğlu. Azərbaycanın maşınqayırma sənayesi Sovet hakimiyyəti illərində /Ə. C. Mustafayev ; red. C Məmmədzadə. - Bakı: Azərnəşr, 1961. - 39 s.