Tarixdən səhifələr

Mehriban Əliyeva – dövlətə və xalqa xidmət nümunəsi

Mehriban Əliyeva – dövlətə və xalqa xidmət nümunəsi

Mehriban Arif qızı Əliyeva – Azərbaycanın ictimai-siyasi həyatında, humanitar və mədəni sahələrində dərin iz qoymuş görkəmli şəxsiyyət, XXI əsrin Azərbaycan qadınının nümunəvi simasıdır. O, 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Təhsilinə Bakıdakı 23 nömrəli orta məktəbdə başlayan Mehriban Əliyeva, 1981-ci ildə oranı qızıl medalla bitirmiş, elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. İki il sonra təhsilini Moskva şəhərində davam etdirərək, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur. O, 1988-1990-cı illərdə həmin institutda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmiş, 1990-1995-ci illərdə isə Moskvanın Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmışdır.

1995-ci ildən Mehriban Əliyeva humanitar və mədəni fəaliyyət sahəsində təşəbbüslərlə çıxış etməyə başlamışdır. Həmin il onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu təsis edilmiş, 1996-cı ildə isə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması məqsədilə üç dildə nəşr olunan “Azərbaycan – İrs” jurnalının əsasını qoymuşdur.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmiş, qısa müddətdə federasiyanı Avropanın ən nüfuzlu idman təşkilatlarından birinə çevirmişdir. Federasiyanın fəaliyyəti nəticəsində Azərbaycan bədii gimnastika üzrə beynəlxalq turnirlərə ev sahibliyi etməyə başlamışdır. Onun humanitar fəaliyyətləri Heydər Əliyev Fondunun 2004-cü ildən etibarən fəaliyyəti ilə daha da genişlənmişdir. Mehriban Əliyeva Fondun prezidenti kimi təhsildən tutmuş səhiyyəyə, mədəni irsin qorunmasından sosial həssas təbəqələrin müdafiəsinə qədər çoxşaxəli layihələrə imza atmışdır.

2004-cü ilin dekabrında Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilmiş, eyni ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavini kimi fəaliyyət göstərir.

Mehriban Əliyeva 2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilmiş, 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Eyni zamanda, o, 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti təyin olunmuşdur. Bu təyinat onun ictimai-siyasi sahədəki nüfuzunun, təşkilatçılıq bacarığının və vətəndaşlara xidmət prinsiplərinə sədaqətinin nəticəsi kimi qiymətləndirilmişdir. Mehriban xanımın “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam” sözləri bu məsuliyyətin dərinliyini ifadə edirdi.

Onun təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək” və digər sosial layihələr ölkənin təhsil sisteminin infrastrukturunu müasirləşdirib, on minlərlə uşağın təhsil şəraitini yaxşılaşdırıb. Eyni zamanda, səhiyyə sahəsində icra olunan “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı” və digər proqramlar da ölkənin humanitar gündəliyinə ciddi təsir göstərmişdir. Bakıda Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi kimi ixtisaslaşmış səhiyyə müəssisələrinin yaradılması bu istiqamətdə aparılan işlərin konkret nəticələridir.

Mehriban Əliyevanın fəaliyyətində Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, mədəni irsinin dünya ictimaiyyətinə tanıdılması mühüm yer tutur. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr sayəsində Qobustan qayaüstü rəsmləri, İçərişəhər, Şəki Xan Sarayı, Xınalıq mədəni landşaftı kimi irs nümunələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, muğam və aşıq sənəti, kəlağayı, Dədə Qorqud irsi və digər mədəni elementlər Qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Mehriban Əliyevanın Azərbaycan muğamına göstərdiyi qayğı, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsidir. Muğamın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınması Heydər Əliyev Fondunun bu sahədəki təşəbbüslərinin nəticəsidir. 2005-ci ildən keçirilən Beynəlxalq Muğam Festivalı və muğam müsabiqələri gənc ifaçıların yetişməsinə şərait yaratmış, muğamın yerli və beynəlxalq dinləyicilər arasında yenidən populyarlaşmasına səbəb olmuşdur. Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Muğam Mərkəzinin inşa edilməsi, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı üçün yaradılmış ən müasir infrastrukturlardan biridir. Mərkəz muğam sənətinin araşdırılması, tədrisi və təbliği sahəsində fəaliyyət göstərərək, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması işinə əvəzsiz xidmət edir. Bu addımlar Azərbaycanın musiqi irsinin dünya mədəniyyət xəzinəsinə daxil edilməsində mühüm rol oynamışdır.

Mehriban xanım, həmçinin Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyində də mühüm rol oynamışdır. Onun təşkilatçılığı ilə ölkəmizdə Eurovision Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur.

Vətən müharibəsi dövründə Mehriban Əliyeva xalqı milli həmrəyliyə səsləyən müraciətləri, ordumuza verdiyi mənəvi dəstəyi və şəhid ailələrinə göstərdiyi qayğı ilə xüsusi nüfuz qazanmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələri, qazilər, yaralanmış və sağlamlıqlarını itirmiş əsgər və zabitlər daim diqqətdə saxlanılmış, onların sosial və tibbi problemlərinin həlli istiqamətində konkret addımlar atılmışdır. Yaralı hərbçilərimizin bir qismi müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilmiş, digər qismi isə yüksək texnologiyalı protezlərlə təmin edilmişdir. Fond bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirərək həmin kateqoriyadan olan insanlara mənəvi dəstək və qayğını hər zaman prioritet kimi qəbul etmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədə Mehriban xanımın siyasi-mənəvi dəstəyi, milli həmrəyliyə çağırışları və ordumuza ruh verən çıxışları cəmiyyət tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Müharibədən sonra Birinci vitse-prezident kimi dövlət başçısı ilə birlikdə Qarabağa etdiyi səfərlər, bu səfərlərin simvolik məkanlarında — xüsusilə Şuşada təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı kimi tədbirlər, Azərbaycanın mədəni və mənəvi dirçəlişi üçün olduqca böyük əhəmiyyət daşıyır.

Onun çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda da tanınması nüfuzlu orden və medallarla təsdiqlənmişdir. Bunlar arasında “Heydər Əliyev” ordeni, Fransanın “Şərəf Legionu”, İtaliyanın “Böyük Xaç Kavaleri” ordeni, İtaliya Respublikasının Böyük Xaç Kavaleri ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni, Serbiya Respublikasının “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni və digər yüksək mükafatlar yer alır. Lakin o, ən böyük mükafatın xalqın sevgisi və inamı olduğunu daim vurğulayır.

Mehriban Əliyeva bu gün də öz çoxşaxəli fəaliyyəti, səmimi münasibəti, yüksək təşəbbüskarlığı və dərin humanist dəyərləri ilə müasir Azərbaycanın simvolik qadın obrazı kimi çıxış edir. Onun həyat və fəaliyyət yolu ölkəyə, xalqa və dövlətə fədakarcasına xidmətin bariz nümunəsidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyeva, Aynur Ramiz qızı. Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti : monoqrafiya / A. R. Əliyeva ; elmi red. O. Sultanov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2021. - 250 s.
  2. Əliyeva, Nurlana Müzəffər qızı. Qüdrətli Azərbaycan naminə / N. M. Əliyeva ; red., ön sözün müəl. N. Q. Cəfərov. - Bakı : Mütərcim, 2019. - 440 s.
  3. Abdullayev, Vaqif İdris oğlu. Azərbaycanın Mehriban siması / V. İ. Abdullayev ; elmi red. N. Q. Cəfərov. - Bakı : Təhsil NPM, 2019. - 416 s.
  4. Mehriban Əliyeva - Azərbaycan Mədəniyyətinin Hamisi = Mehriban Aliyeva - Mécène de la culture Azerbaidjanaise / tərt., ön sözün müəl. Ə. Ələkbərova ; tərc.: H. Babayev, Z. Mustafayev ; elmi red. P. Kərimov ; fransız dil. red. J. T. Lemarchal. - Bakı : Şərq-Qərb, 2018. - 208 s.