Tarixdən səhifələr

Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev

Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev

Müğənni (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Bakıda doğulmuşdur. Bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir. 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1964-1965-ci illərdə Milanın "La-Skala" teatrında sənətkarlığını artırmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

M. Maqomayev yüksək temperamentli, yumşaq templi, gözəl ahəngli böyük səsə malik idi. Onun ifaçılığı özünün ekspressivliyi və ruh yüksəkliyi ilə fərqlənirdi. O, Ü. Hacıbəyovun "Koroğlu", M. Maqomayevin "Şah İsmayıl", S. Raxmaninovun "Aleko", Qara Qarayevin və C. Hacıyevin "Vətən" operalarında böyük müvəffəqiyyətlə oxumuşdur. 70-80-ci illərdəki SSRİ-də, həm də başqa ölkələrdə böyük təmtəraqla qarşılanan estrada müğənnisi olmuşdur. Böyük konsert zallarında və stadionlarda onun konsertinə minlərlə tamaşaçı toplaşırdı. 1975-ci ildə M. Maqomayev yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik-Estrada Orkestri ilə qastrollarda solist kimi çıxış etmişdir. O, dünyanın bir sıra ölkələrində - Bolqarıstan, Almaniya, İran, Kanada, Rusiya, Finlandiya, Fransa, Polşa, Türkiyə və başqa ölkələrdə müvəffəqiyyətlə oxumuşdur. M. Maqomayevin repertuarı "Koroğlu", "Sehrli tütək", "Şah İsmayıl", "Yevgeni Onegin", "Fiqaronun toyu", "Riqoletto", "Sevilya bərbəri", "Otello", "Faust" operaları, P. İ. Çaykovskinin, S. V. Raxmaninovun romansları, A. Paxmutova, T. Xrennikov, P. Bülbüloğlunun və özünün bəstələdiyi neopolitan mahnıları ilə zəngindir. M. Maqomayevin ifasında Ü. Hacıbəyovun, Nizaminin sözlərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romansları təntənəli səslənirdi.

M. Maqomayev bir sıra mahnı müsabiqələrinin iştirakçısı olmuşdur. 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən beynəlxalq festivalda birinci mükafatı almışdır. Festivalın münsiflər heyətinin üzvlərindən biri demişdi: “Müslümün özünə tay rəqibindən başqa hər şeyi var.” Elə o ildə M. Maqomayev Fransada mexaniki yazı üçün oxuduğu mahnılara görə "Qızıl val" mükafatına layiq görülmüşdü. O, Polşanın Zelene-Qur şəhərində birinci mükafata layiq görülmüş "Mavi əbədilik" və bir sıra başqa mahnıların müəllifidir. "Nizami" filmində baş rolda çəkilmiş və haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film çəkilmişdir. Müslüm Maqomayev bir sıra orden və medallarla təltif olunmuşdur. 25 oktyabr 2008-ci ildə Moskva şəhərində vəfat etmişdir, cənazəsi Bakıya gətirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Bəhmənli, Vaqif. Maqomayev planeti = The planet of Magomayev = Планета Магомаева / V. Bəhmənli ; red. N. Məmmədli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Elm və təhsil, 2012. - 119 s.
  2. Rəhmanzadə, Fazil Şamil oğlu. Bu isimdə bir can... : Azərbaycanın XX yüzildəki intibahı ilə bağlı tarixi-nəzəri, bədii-sənədli, publisistik qeydlər / F. Ş. Rəhmanzadə ; red. heyəti: R. B. Hüseynov [et al.] ; baş red. R. B. Hüseynov ; red. Ş. F. Rəhmanzadə. II kitab. - Bakı : Apostrof, 2015. - 552 s.
  3. Maqomayev, Müslüm Məhəmməd oğlu. Dahi Lanza / M. M. Maqomayev ; rus dilindən tərc. N. F. Məmmədli ; red. N. Məmmədli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : İrfan, 2012. - 392 s.