Tarixdən səhifələr

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı

Sentyabrın 26-sı Azərbaycan Respublikasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis edilmişdir. Bu əlamətdar tarix dövlət orqanlarının fasiləsiz və qorunan rabitə ilə təmin olunması, strateji informasiya sistemlərinin təhlükəsizliyinin qorunması istiqamətində çalışan əməkdaşların fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilmişdir. Dövlət idarəetməsinin dayanıqlığı, kritik infrastrukturun qorunması, strateji informasiya resurslarının təhlükəsizliyi və kibermüdafiə imkanlarının gücləndirilməsi etibarlı rabitə sisteminin mövcudluğunu zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ölkənin təhlükəsizlik sistemində mühüm strateji funksiyalar həyata keçirən əsas dövlət institutlarından biridir.

Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər rabitə sahəsini dövlət idarəçiliyinin və milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir, onun müasir çağırışlara uyğun inkişafına xüsusi diqqət yetirirdi. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də dövlət təhlükəsizlik sistemində etibarlı xüsusi rabitənin yaradılması idi.

1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Heydər Əliyev dövlət idarəetməsində xüsusi rabitə və informasiya mübadiləsinin rolunu dərindən qiymətləndirərək bu sahənin müasir əsaslarla təşkilinə yönəlmiş mühüm qərarlar qəbul etmişdir. Onun rəhbərliyi ilə dövlət orqanları arasında məxfi rabitə xətləri qurulmuş, milli maraqlara uyğun təhlükəsizlik infrastrukturu formalaşdırılmış, xüsusi rabitə xidmətinin fəaliyyətini tənzimləyən hüquqi əsaslar yaradılmışdır. Bununla yanaşı, peşəkar milli kadr hazırlığına və yeni texnologiyaların tətbiqinə geniş imkanlar açılmışdır. Heydər Əliyevin strateji baxışında informasiya təhlükəsizliyi dövlət müstəqilliyinin qorunmasının əsas dayaqlarından biri kimi müəyyənləşdirilmişdir.

Xüsusi rabitə sisteminin institusional formalaşması istiqamətində mühüm addımlardan biri 1994-cü il 1 oktyabr tarixində atılmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” yaradılmışdır. Sonrakı dövrdə bu qurum müstəqil şöbə, idarə və departament kimi fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir.

Xüsusi rabitə və informasiya təhlükəsizliyi sisteminin inkişafında yeni mərhələ Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanı ilə başlanmışdır. Həmin fərmana əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Bu qərarla ilk dəfə olaraq dövlət qurumlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələrinin, internet şəbəkəsi ilə əlaqələrinin, eləcə də informasiya resurslarının məlumat və resurs mərkəzlərində yerləşdirilməsinin təşkili, istismarı və təhlükəsizliyinin təmin olunması vahid mexanizm çərçivəsində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli, 957 nömrəli Fərmanına əsasən isə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsis olunmuşdur. Bununla da XRİTDX ölkənin xüsusi rabitə və informasiya təhlükəsizliyi sisteminin təmin edilməsində daha geniş funksional səlahiyyətlərə malik müstəqil dövlət qurumu kimi fəaliyyətini davam etdirməyə başlamışdır.

XRİTDX dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət qurumlarının internet şəbəkəsi ilə əlaqəsinin və informasiya resurslarının məlumat və resurs mərkəzlərində yerləşdirilməsinin təşkili, istismarı, təhlükəsizliyi və inkişafını təmin edir. Eyni zamanda, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirlərin həyata keçirilməsi, elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə bağlı dövlət siyasətinin icrası da xidmətin əsas fəaliyyət istiqamətlərindəndir.

Dövlət orqanlarında kibertəhlükəsizlik hazırlığının artırılması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resursları və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqin aparılması, dövlət qurumlarına texniki və metodiki dəstəyin göstərilməsi XRİTDX-nin əsas vəzifələri sırasındadır. Son illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində informasiya təhlükəsizliyi sistemlərinin möhkəmləndirilməsi, dövlət məlumat resurslarının qorunması və kiberhücumların qarşısının alınması istiqamətində mühüm nəticələr əldə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xüsusi rabitə və informasiya təhlükəsizliyi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına və informasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş siyasəti nəticəsində Azərbaycan regionda müasir telekommunikasiya infrastrukturu formalaşdıran ölkələrdən birinə çevrilmişdir. Bu siyasətin davamı olaraq XRİTDX təkcə dövlət orqanları arasında etibarlı rabitəni təmin edən qurum deyil, həm də ölkənin kibertəhlükəsizlik strategiyasının həyata keçirilməsində aparıcı institutlardan biri kimi mövqeyini möhkəmləndirmişdir.

Prezidentin fərman və sərəncamları ilə XRİTDX-nin hüquqi statusu və funksional imkanları daha da gücləndirilmiş, milli şifrələmə texnologiyalarının inkişaf etdirilməsi, rabitə şəbəkələrinin müasir avadanlıqlarla təchiz olunması, informasiya mühitinin dayanıqlılığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” ölkənin rəqəmsal təhlükəsizlik siyasətində mühüm mərhələ olmuşdur. Strategiyada kritik infrastrukturun qorunması, dövlət və özəl sektorun rəqəmsal dayanıqlılığının artırılması, kiberhücumlara qarşı milli imkanların gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. XRİTDX bu strategiyanın həyata keçirilməsində aparıcı icraçı qurumlardan biri olaraq dövlət orqanlarının təhlükəsiz rabitəsini və milli informasiya məkanının bütövlüyünü təmin edir.

Prezident İlham Əliyevin xarici siyasət kursuna uyğun olaraq XRİTDX beynəlxalq tərəfdaşlarla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini də genişləndirmiş, Azərbaycanın qlobal kibertəhlükəsizlik proseslərində fəal iştirakına mühüm töhfə vermişdir.

Bu gün XRİTDX əməkdaşları yüksək peşəkarlığı, müasir texnologiyalara yiyələnməsi və daim yenilənən bilikləri ilə ölkənin təhlükəsizlik sistemində mühüm missiyanı yerinə yetirirlər. Xüsusi rabitəçilər yalnız paytaxtda deyil, regionlarda da dövlət orqanlarının etibarlı rabitə ilə təmin olunmasında, milli informasiya təhlükəsizliyinin qorunmasında və dövlət idarəetmə sisteminin dayanıqlığının gücləndirilməsində əhəmiyyətli rol oynayırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə Prezident Kitabxanasının kollektivi bu məsul və şərəfli xidmətdə çalışan bütün əməkdaşları təbrik edir, onlara Azərbaycanın informasiya təhlükəsizliyinin və milli maraqlarının qorunması istiqamətində fəaliyyətlərində yeni uğurlar arzulayır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyeva, Yaqut. İnformasiya təhlükəsizliyi və din /Y. Əliyeva ; dizayner R. Dadaşov ; Mənəvi Dəyərlərin Təbliği Fondu. - Bakı: TUNA, 2018. - 128 s.
  2. Qasımov, Vaqif Əlicavad oğlu. İnformasiya təhlükəsizliyi: kompüter cinayətkarlığı və kiberterrorçuluq /V. Qasımov ; elmi red. R. M. Əliquliyev. - Bakı: Elm, 2007. - 192 s.
  3. İnformasiya təhlükəsizliyi problemləri: məqalələrin xülasələri /AMEA, İnformasiya Texnologiyaları İn-tu ; elmi red. Y. İmamverdiyev. - Bakı: İnformasiya Texnologiyaları, 2022. - 186 s.