Tarixdən səhifələr

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov

Boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycan xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda doğulmuşdur. 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

T. Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. T. Nərimanbəyovun “Xəzər üzərində şəfəq”, “Baltika balıqçıları” tablolarında gənc entuziastların romantik obrazları əks olunmuşdur. “Emalatxanada” “Səttar Bəhlulzadə”, “Mahnı”, “Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” kimi lirik lövhələrində işıqlı həyati anlar əks olunmuşdur. T. Nərimanbəyov əlvan və parlaq boyalardan istifadə edərək çılğın, dinamik və müasir qəhrəmanlığı canlandırmağa səy edir. Rəssamın ürəkdolusu axtarış formaları və ekspressiyaları Azərbaycan və dünya incəsənətinin ən yaxşı ənənələrinə əsaslanmışdır. T. Nərimanbəyovun “Göyçay bağlarında”, “Bahar yarmarkası”, “Narlar və armudlar”, “Çiçəklər”, “Köhnə çinar”, “Qız qalası” kimi heyranedici natürmort və peyzajlardan təbii dekorativlik duyumlarıyla təbiət ətri duyulur. Onlara sanki torpağın canlı şirəsi, Abşeronun yandırıcı günəşi, Göyçayın, Zaqatalanın, Lənkəranın təbiətinin çılğın sonsuzluğunun əlvan rəngləri hopmuşdur.

T. Nərimanbəyov bir çox teatr səhnələrinin və bayram təntənələrinin, dekorativ səhnə əsərlərinin müəllifidir. Toğrul Nərimanbəyov 1952-ci ildən bədii sərgilərin iştirakçısıdır. Kubada, Hindistanda, Polşada, Çexiyada, Slovakiyada, Almaniyada, Fransada, İtaliyada və Moskvada, ABŞ-da dəfələrlə fərdi sərgiləri keçirilmişdir. “İstiqlal” (2000) və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.

2 iyun 2013-cü ildə Parisdə vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Səməd, Möhbəddin. Şux rənglərin təranəsi / M. Səməd ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Çağdaş As, 2011. - 240 s.
  2. Toğrul Nərimanbəyov : 1930-2013: rəngkarlıq, qrafika = Togrul Narimanbeyov : 1930-2013: painting, graphic arts / layihənin müəl. Ç. Fərzəliyev ; mətnin müəl. Ə. Abdullayeva ; ing. dilinə tərc.: I. Peart, S. İbrahimova, Ə. Məlikova. - Bakı : Şərq-Qərb, 2013. - 104 s.
  3. Quliyev, Əsəd Məhəmməd oğlu. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər / Ə. M. Quliyev ; elmi red. K. M. Əliyeva ; ön sözün müəl. Ö. H. Eldarov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2012. - 168 s.