Akademik Həsən Əliyev
Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabrın 15-də Yelizavetpol (indiki Gəncə) quberniyasının Zəngəzur qəzasının Qarakilsə nahiyəsinin (sonralar Sisyan rayonu) Comərdli kəndində anadan olmuşdur. O, 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində təhsil almağa başlamış, 23 yaşında bu məktəbi bitirmişdir. Gənc yaşlarından elmi maraqları və geniş dünyagörüşü ilə seçilən Həsən Əliyevin ilk publisistik çıxışları 1920-ci illərin ikinci yarısına təsadüf edir. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” adlı məqalələri dərc edilmişdir.
Həsən Əliyev həmin illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, eyni zamanda Muxtar Respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə şöbəsində baş fəhlə kimi çalışmışdır. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq və bitki mühafizəsi sahələrində praktik təcrübə toplamışdır. Onun bacarığı və biliyi nəzərə alınaraq müxtəlif məsul vəzifələrə irəli çəkilmişdir.
Orta və ali təhsilini qısa müddətdə başa vuran Həsən Əliyev birbaşa aspiranturaya qəbul olunmuşdur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldıqdan sonra Bakı şəhərinə gəlmiş, burada Torpaqşünaslıq bölməsində elmi işçi, daha sonra elmi katib vəzifəsində çalışmışdır.
İkinci Dünya müharibəsi illərində, 1941–1943-cü illərdə o, Şimali Qafqaz uğrunda döyüşlərdə zabit kimi iştirak etmiş, ağır yaralanmışdır. Müharibədən sonra elmi fəaliyyətini davam etdirmiş, 1943–1944-cü illərdə SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinə rəhbərlik etmişdir. 1944-cü ildə “Böyük Qafqazın cənub–şərq yamacında çayların aşağı axınlarının torpaqları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.
1944–1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1949–1952-ci illərdə Botanika İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1950-ci ildə o, Azərbaycan KP MK katibi və Respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdir.
1952-ci ildən Həsən Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, onun yaradıcılarından biri olmuşdur. Eyni ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, 1952–1954-cü illərdə Azərbaycan KP MK-nın üzvü olmuşdur. 1952–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının akademik-katibi, eyni zamanda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1950-ci illərin ortalarından Həsən Əliyevin elmi fəaliyyətində təbiətin mühafizəsi mövzusu mühüm istiqamət kimi formalaşmışdır. 1955-ci ildə o, Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilmişdir. Bu dövrdə o, ekoloji balansın qorunması, torpaqların səmərəli istifadəsi və bioloji müxtəlifliyin mühafizəsi kimi məsələləri dövlət səviyyəsində qaldıran ilk alimlərdən biri olmuşdur.
1957–1968-ci illərdə o, Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Meşə torpaqlarının coğrafiyası” şöbəsinə rəhbərlik etmiş, 1965-ci ildə “Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları (Azərbaycan SSR daxilində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1968–1987-ci illərdə Həsən Əliyev Azərbaycan EA Coğrafiya İnstitutunun direktoru, 1987–1993-cü illərdə isə həmin institutda direktorun məsləhətçisi kimi fəaliyyət göstərmişdir. O, bu illərdə Azərbaycan təbiətinin elmi tədqiqi, torpaq və landşaft resurslarının xəritələşdirilməsi, ekoloji tarazlığın qorunması istiqamətlərində geniş tədqiqatlar aparmış, ekocoğrafiya elminin əsaslarının formalaşmasına mühüm töhfə vermişdir.
Alimin elmi yaradıcılığında təbiətin mühafizəsi ideyalarının təbliği mühüm yer tutur. Onun “Həyəcan təbili” adlı əsəri ilk dəfə 1976-cı ildə nəşr edilmiş, 1982-ci ildə isə təkmilləşdirilmiş ikinci nəşri çapdan çıxmışdır. Bu kitab Azərbaycanda ekoloji düşüncənin və təbiətə məsuliyyətli münasibətin formalaşmasında xüsusi rol oynamışdır.
Akademik Həsən Əliyev 6 monoqrafiyanın, 13 kitabın, 300-dən çox elmi və 189 elmi-kütləvi məqalənin müəllifi, 50-dən artıq xəritənin həmmüəllifi və redaktoru olmuşdur. O, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıstan, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konqres və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Alimin rəhbərliyi ilə 5 elmlər doktoru və 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır. O, “Azərbaycan təbiəti” jurnalının yaradıcısı və baş redaktoru, Azərbaycan Coğrafiya Cəmiyyəti və Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti, Coğrafiya üzrə Elmi Şuraların və Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur.
Elmdəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə Həsən Əliyev “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri, Vavilov adına qızıl medal və digər dövlət mükafatları ilə təltif olunmuşdur. 1974-cü ildə ona “Respublikanın Əməkdar elm xadimi” fəxri adı verilmiş, 1978-ci ildə isə təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində kompleks işlərinə görə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.
O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Akademik Həsən Əliyev 1993-cü il fevralın 2-də vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elminin, xüsusilə ekologiya və coğrafiya elmləri sahələrinin ən görkəmli simalarından biri kimi ehtiramla yad edilir.
Tövsiyə edilən ədəbiyyat:
- Cəfərov, İbrahim Həsən oğlu. Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetin məzunudur / İ. H. Cəfərov ; red. N. Hüseynov ; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti. - Bakı: Şərq-Qərb, 2017. - 96 s.
- Məmmədov, Qərib Şamil oğlu. Azərbaycan təbiət elminin patriarxı = The patriarch of natural science in Azerbaijan = Патриарх естественных наук Азербайджана / Q. Ş. Məmmədov. - Bakı : [n. y.], 2007. - 128 s.
- Elin oğlu : akademik Həsən Əliyev haqqında xatirələr / AMEA Ak. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu ; tərt.-red.: B. Ə. Budaqov, Z. Əhmədov. - Bakı : Elm, 2007. - 184 s.