Tarixdən səhifələr

Azərbaycanın Xalq şairi Rəsul Rza

Azərbaycanın Xalq şairi Rəsul Rza

Rzayev Rəsul İbrahim oğlu 19 may 1910-cu ildə Göyçayda maarifpərvər ailədə doğulmuşdur. On dörd yaşında, oxumaqla yanaşı, şəhər kitabxanasında da işləyən Rəsul Rza 1925-ci ildə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, lakin sonradan təhsilini yarımçıq qoyaraq bacılarının yaşadığı Bakı şəhərinə köçmüşdü. O, burada məktəb yoldaşı, şair Abdulla Faruqun vasitəsilə ədəbi aləmdə kifayət qədər tanınan Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mikayıl Rəfili, Əli Nazim və başqaları ilə yaxından tanış olmuş, tezliklə "Gənc işçi" qəzetinə tərcüməçi kimi qəbul edilmişdi.

Yaradıcılıqla yanaşı təhsilini də davam etdirən Rəsul Rza 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Rəsul Rzanın "Bu gün" adlı ilk şeiri 1927-ci ildə Tiflisdə "Qığılcım" almanaxında dərc olunub və həmin dövrdən başlayaraq müasirlik ruhu ilə seçilən poeziya nümunələri oxucuların diqqətini cəlb etməyə başlayıb. Bundan sonra şairin "Gənc işçi" qəzetinin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" adlı şeirləri dərc edilib.

XX əsrin 30-cu illərinin əvvəllərində "Qadınlar", "Çinar", "Almaniya", "Madrid", "İnqaleyso" adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanmışdır.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" . Şairin "Rənglər" silsiləsi də məşhurdur.

XX əsrin 50-ci illərində R. Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. 1961-ci ildə Nəriman Nərimanova həsr etdiyi "Xalq həkimi" poemasını, 70-ci illərdə "Dünən, bu gün və sabah", "1418", "Üzü küləyə" poemalarını yazdı. Rəsulzadə uşaqlar üçün də şeir və hekayələrin, elmi publisistik məqalə və oçerklərin müəllifidir. H. Lonqfello, C. Bayron, Lope de Veqa, Ş. Petefi, A. Blok, P. Elyuar, A. Puşkin, M. Lermontov, N. Nekrasov, T. Şevçenko, M. Mayakovski və bir sıra başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Rəsul Rzanın əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

İctimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.

Görkəmli şair Rəsul Rza 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Rəsul Rza xatirələr işığında: Rəsul Rza haqqında xatirələr, məqalələr, çıxışlar / tərt. Anar ; red. İ. Vəliyev. - Bakı : Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001. - 508 s.
  2. Ulusel, Rahid. Ustad Rəsul Rza : fəlsəfə və poeziya: dünya və Azərbaycan klassikasında onların vəhdəti / R. Ulusel ; elmi red.: İ. Ə. Rüstəmov, N. Q. Cəfərov ; red. S. Süleymanlı. - Bakı : Letterpress, 2010.
  3. Zamanov, Abbas Fəttah oğlu. Bu dünyadan Rəsul Rza gəlib keçdi : məqalələr, xatirələr / A. F. Zamanov ; tərt. O. M. Seyidov ; elmi məsl. B. Ə. Nəbiyev ; red. A. Əzimov. - Bakı : "MBM" MMC, 2008. - 72 s.
  4. Vəliyev, Məsud Əli oğlu. Rəsul Rza: monoqrafiya /M. Vəliyev, Q. Xəlilov; red. Ə. Ağayev. - Bakı: Azərnəşr, 1960. – 110 s.