Azərbaycanın Xalq artisti, tanınmış aktyor Möhsün Cəfərov (Sənani)
Səhnəmizin görkəmli, məşhur və sevilən aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov) 19 iyun 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində dünyaya göz açıb. Erkən yaşında ata-anasını itirən Möhsün nənəsinin himayəsində qalmışdır. Kiçik Möhsün 1906 - cı ildən mədrəsədə təhsil almağa başlayır. Nənəsi onu atası kimi molla, mərsiyaxan kimi görmək istəyir. Lakin 1908 - ci ildə nənəsini itirən Möhsün bacısıyla birlikdə xalası Molla Ziynət xanımın himayəsində yaşamalı olmuşlar. Ziynət xanım onları öz övladları kimi qəbul edərək qayğılarına qalsa da, ailə üzvlərinin çox olması müəyyən maddi çətinliklər yaradır. Möhsün ailəyə kömək etmək məqsədilə 1909 - cu ildən “Şeytanbazar” da hər cür əzab-əziyyətə qatlaşaraq işləyir.
Yerli teatrların və Tiflisə qastrola gələn aktyorların tamaşalarını böyük həvəslə izləyən Möhsündə yeniyetmə yaşlarından aktyorluq sənətinə böyük maraq yaranır. O ilk dəfə 1911-ci ildə səhnəyə çıxır və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. 1915-ci ildə Möhsün Sənani Tiflis truppasına cəlb edilir. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. M. Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışmışdır.
1921-ci ildə Bakıya gələn Möhsün Sənani Azərbaycan Dövlət Dram Teatrında öz sevimli sənətini davam etdirməyə başlayır. Görkəmli aktyorlarla səhnəyə çıxan Sənani daha çox təcrubə toplayır. “Vaqif” (Səməd Vurğun) tamaşasında Eldar obrazı Möhsün Sənaniyə həvalə olunur və bu rolu yüksək səviyyədə ifa edərək böyük tamaşaçı rəğbəti qazanır.
Gənc olmasına baxmayaraq, ona Heydər bəy ("Hacı Qara"), Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Senaniyə böyük şöhrət gətirmişdir.
Möhsün Sənani səhnədəki uğurlarını kino sahəsində də davam etdirib. O, “Kölgələr sürünür”, “Dağlarda döyüş”, “Koroğlu” filmlərində ifa etdiyi rollarla aktyorluq sənətini ən yüksək zirvəyə yüksəltmişdir. O, “Kəndlilər” filmində Eldar, “O olmasın, bu olsun” filmində qoçu Əsgər obrazını yaradaraq yaddaşlarda silinməz iz buraxmışdır. “Səbuhi”, “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Qızmar günəş altında” və s. filmlərdə də yaddaqalan obrazlar yaratmışdır.
Görkəmli sənətkarın yaradıcılığında əhəmiyyətli yer tutan “Dağlarda döyüş” (1967) filmində ləyaqətli, mehriban və qayğıkeş ata, məsuliyyətli ailə başçısı kimi təqdim edilir. Qəmbər obrazı bu kimi keyfiyyətlərilə Möhsün Sənaniyə o qədər də yad deyildi, çünki o, həyatda da belə keyfiyyətlərə mənsub bir insan olmuşdur.
Teatr və kinoda dramatik və komik rollarına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (21 iyul 1949) "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (17 iyun 1943), "Qırmızı əmək bayrağı" ordeni (11 iyun 1980), "Xalqlar dostluğu" ordeni (1 avqust 1975), "Şərəf nişanı" ordeni (9 iyun 1959), "Əmək veteranı" medalına (29 sentyabr 1976) layiq görülmüşdür. Onu xalqa sevdirən yalnız fitri istedadı deyil həm də, gənc nəslə göstərdiyi qayğı olmuşdur.
Ömrünün 50 ilini səhnəyə həsr edən Möhsün Sənani 1981-ci il fevralın 11-də vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Bayramov, Adilxan Hüseynəli oğlu. Sənət, sənət məbədləri, sənət fədailəri / A. H. Bayramov ; red. T. Vəliyev. - Bakı : Vətənoğlu NPŞ MMC, 2015. - 336 s.
- Hüseynoğlu, Sərvaz. Möhsün Sənani / S. Hüseynoğlu. - Bakı : Şərq-Qərb, 2017. - 144 s.
- Dağıstanlı, İsmayıl Yusif oğlu. Möhsün Sənani: 60 /İ. Dağıstanlı ; red. M. Məmmədov. - Bakı: Azərb. Teatr Cəmiyyəti, 1961. - 63 s.