Tarixdən səhifələr

Xan Şuşinski: Azərbaycan muğam sənətinin korifeyi

Xan Şuşinski: Azərbaycan muğam sənətinin korifeyi

İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərində dünyaya gəlmişdir. O, Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən – Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin oğlu idi. Erkən yaşlarından musiqiyə maraq göstərən İsfəndiyarın səsi və istedadı ətrafdakılar tərəfindən seçilirdi. Onun bu fitri istedadı ilk olaraq dövrünün məşhur xanəndəsi, “Segah İslam” kimi tanınan İslam Abdullayevin diqqətini cəlb etmiş və ustad onu öz himayəsinə alaraq ifaçılığın sirlərini öyrətmişdir.

Xan Şuşinski adının yaranması isə sənət bioqrafiyasında xüsusi yer tutur. Belə ki, İslam Abdullayevlə birlikdə Ağdamın Novruzlu kəndində bir məclisdə olarkən qrammofonda Təbrizli Əbülhəsən xanın “Kürd Şahnaz” muğamı səsləndirilir. Dinləyicilərin böyük marağı qarşısında ustad, gənc İsfəndiyardan bu muğamı canlı ifa etməsini xahiş edir. Onun ustalıqla, zəngin emosional yüklə təqdim etdiyi ifa məclis iştirakçılarında heyranlıq doğurur. Dinləyicilərdən biri qışqıraraq “Əsl xan elə bu imiş!” söyləyir və həmin andan etibarən gənc sənətkar “Xan” ləqəbi ilə tanınmağa başlayır. İslam Abdullayev də bu adı təsdiqləyərək ona ustad xeyir-duasını verir: “Bu gündən sən oldun Xan”. Beləcə, İsfəndiyar Cavanşir Azərbaycan musiqi tarixində “Xan Şuşinski” adı ilə yerini tutur.

1920-ci illərdən başlayaraq Xan Şuşinski Bakıda ifaçılıq fəaliyyətini genişləndirir. Onun repertuarında klassik muğamlar – “Bayatı-Qacar”, “Mahur-Hindi”, “Qatar”, zərbi muğamlar – “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” və müxtəlif xalq mahnıları yer alırdı. Xüsusilə xalq mahnılarının ifasında o, həm melodik, həm də emosional yeniliklər tətbiq edərək mahnılara yeni çalarlar bəxş edirdi. Təkcə ifaçı yox, həm də bəstəkar kimi tanınan Xan Şuşinski bir çox məşhur mahnıların müəllifidir. “Qəmərim”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Gözəl yarım”, “Al yanağında”, “Şuşanın dağları”, “Dağlarda çiçək” və “Ölürəm, a Ceyran bala” kimi mahnılar onun bədahətən yaranan əsərləri sırasında yer almaqdadır. Bu mahnıların bir çoxu zamanla xalq mahnısı kimi təqdim olunsa da, onların melodiyası və sözləri Xanın özünə məxsusdur.

Azərbaycan musiqi tarixində bir sıra yeniliklərin müəllifi olan Xan Şuşinski, simfonik orkestrin müşayiətilə muğam ifa edən ilk sənətkarlardan biridir. Onun və Şövkət Ələkbərovanın birgə ifasında lentə alınmış “Yaylıq” adlı duet də Azərbaycan musiqisində ilk duet nümunəsi hesab edilir. O, yalnız Üzeyir Hacıbəylinin bəstələrinə müraciət etmişdir. Deyilənə görə, Üzeyir bəy Xanın ifasında “Qaragöz” mahnısını xüsusi zövqlə dinləyirmiş. Bu qarşılıqlı yaradıcılıq münasibəti, milli musiqinin təbliğində və inkişafında əhəmiyyətli iz buraxmışdır.

Xan Şuşinski sənətkarlığı ilə yanaşı, pedaqoji fəaliyyətə də mühüm önəm verirdi. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” təsis etmiş, burada gənc xanəndələrə muğam sənətinin incəliklərini öyrətmişdir. Eyni zamanda Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, klassik muğam məktəbinin davamçılarının yetişməsində əvəzsiz rol oynamışdır. Onun ustadlığı ilə formalaşan yeni ifaçılar nəsli Azərbaycan musiqisinin gələcək inkişafında vacib mövqelər tutmuşdur.

Bütün ömrü boyu “Xan” adının məsuliyyətini və mənəvi yükünü daşıyan İsfəndiyar Cavanşir, Azərbaycan muğam sənətinin yalnız tarixi siması deyil, həm də onun canlı yaddaşı kimi yadda qalmışdır. Təəssüf ki, bu böyük sənətkarın irsi məhdud səs yazıları ilə günümüzə gəlib çatmışdır – cəmi 240 dəqiqəlik lent yazısı. Bununla belə, həmin qeydlər onun səsinin zəngin tembrini, ifa texnikasını və bənzərsiz üslubunu hiss etmək üçün mühüm sənədli mənbə rolunu oynayır.

Xan Şuşinski 1979-cu ildə vəfat etmiş və Bakı şəhərindəki II Fəxri xiyabanda dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Çəmənli, Mustafa. Xan Şuşinski / M. Çəmənli. - Bakı : Şərq-Qərb, 2017. - 168 s.
  2. Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov) : biblioqrafiya = Хан Шушинский (Исфендияр Аслан оглу Джаванширов) : библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt. H. Manafova ; elmi red. K. M. Tahirov ; red. E. Nəciyev ; ön sözün müəl. S. Fərəcov. - Bakı : M.F. Axundov adına Milli Kitabxana, 2021. - 188 s.
  3. Vəliyeva, Bəyimxanım Ənvər qızı. Azərbaycan xanəndəlik sənətinin böyük ustadı Xan Şuşinski : monoqrafiya / B. Ə. Vəliyeva ; elmi red. L. Ş. Hüseynova ; Azərbaycan Milli Konservatoriyası. - Bakı : Unicopy, 2023. - 148 s.