Tarixdən səhifələr

Tibb İşçilərinin Peşə Bayramı

Tibb İşçilərinin Peşə Bayramı

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə və Sosial Təminat Nazirliyinin yaradıldığı günə istinadən imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Yaxın Şərqin bir hissəsi olan Azərbaycanda qədim zamanlardan tibbi xidmətə xüsusi diqqət yetirilmiş, təbiblər cəmiyyətin ən nüfuzlu üzvləri hesab edilmişlər. Fiziki-coğrafi, sosial-iqtisadi və siyasi xüsusiyyətlər Azərbaycanın hər bölgəsində özünəməxsus tibbi biliklərin, müalicə üsullarının və vasitələrinin formalaşmasını şərtləndirmişdir. Qədim dövrlərdə Azərbaycan ərazisini əhatə edən Midiya dövlətinin müqəddəs kitabı olan “Avesta”da qeyd edilir ki, həkimin üç silahı vardır: söz, otlar və bıçaq. Söz və tövsiyə ilə şəfa verən həkim həmin dövrdə ən yaxşı həkim hesab olunurdu.

VIII əsrdə İslam dövründə tibb elminin ciddi yüksəlişi müşahidə olunur. O dövrdə Azərbaycanda məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərmiş, burada ərəb və fars dilləri, din, riyaziyyat, xəttatlıq, tarix, ədəbiyyat, tibb və kimyagərlik dərsləri keçirilmişdir. Son orta əsrlərdə yaşamış Məhəmməd Bərgüşadinin "Tibbi-Nəbəvi" əsəri Azərbaycan dilində məlum olan ilk tibb haqqında kitab hesab olunur. 1712-ci ildə Məhəmməd Yusif Şirvani Azərbaycan dilində "Tibbnamə" ("Tibb kitabı") əsərini yazmışdır.

XVIII–XIX əsrlərdə tibbin inkişafı tamamilə başqa istiqamətə yönəldi. Rusiya imperiyası dövründə Şimali Azərbaycanda ilk müasir tipli əczaxanalar – apteklər meydana çıxdı. O dövrdə Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundov birlikdə ölkəni sarsıdan malyariya ilə bağlı tədqiqatlar aparır, əsərlər yazırdılar. Həsən bəy Zərdabinin tibb haqqında “Torpaq, su və hava”, “Gigiyena” kimi əsərləri, həmçinin “Əkinçi” və “Kaspi” qəzetlərinin səhifələrində silsilə məqalələri nəşr olunmuşdu. 1914-cü ildə nəşr olunmuş "Gigiyena" kitabı gigiyena sahəsi üzrə Azərbaycanda ilk elmi tədqiqat əsəri hesab olunur.

1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli hökumətin ilk qərarlarından biri iyunun 17-də Səhiyyə Nazirliyinin təsis edilməsi olmuşdur. Səhiyyə naziri vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilmişdi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilməsinə başlanılmış, yeni xəstəxanalar və tibbi məntəqələr açılmış, dərman anbarları və laboratoriyalar yaradılmış, zəruri tibbi avadanlıqlar alınmışdı. Həmin dövrdə azərbaycanlı tələbələr tibb təhsili almaq məqsədilə Parisə, Almaniyaya, Sankt-Peterburqa, Moskvaya, Kiyevə və digər şəhərlərə göndərilirdilər.

Sovet hakimiyyəti qurulandan sonra dərman bitkiləri satılan apteklər tamamilə bağlandı, ərəb qrafikası ilə yazılmış əlyazmalar yandırıldı. XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil ala bilirdi. Azərbaycanda elmi təbabətin, tibb elminin güclü inkişafı 1919-cu ildə Bakı Dövlət Universitetinin təşkil olunması və burada tibb fakültəsinin yaradılması ilə bağlı olmuşdur. Universitetin yaradılması ilə Azərbaycanda tibb elminin inkişafı sürətləndi. Tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq bir-birinin ardınca elmi-tədqiqat institutları yaranırdı. Tibb elminin belə intensiv inkişafı otuzuncu illərin əvvəllərində xüsusi ixtisaslaşdırılmış ali tibb institutunun yaradılmasını tələb etdi. Beləliklə, 1930-cu ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tibb fakültəsi universitetdən ayrılıb Səhiyyə Nazirliyinin tabeliyinə verildi və həmin ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Tanınmış ictimai xadim və xalq səhiyyə komissarı M. Qədirli Tibb İnstitutunun ilk rektoru seçildi.

60-cı illərin sonu – 70-ci illərin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf mərhələsi başladı. Ümummilli Liderin bilavasitə rəhbərliyi, diqqət və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, çoxsaylı islahatlar aparılmışdır. Bu işdə, ilk növbədə, səhiyyənin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılmışdır. 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında onun təşəbbüsü ilə “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul olundu. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, bu sahəyə əsaslı təkan verdi. 1970–1980-ci illərdə Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi olmuşdur.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə səhiyyədə geniş islahatlar proqramı işlənib hazırlandı. Onun Azərbaycan Respublikasında “Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998-ci il tarixli sərəncamı bu işin daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Onun təşəbbüsü ilə respublikamızda bir sıra beynəlxalq elmi konfransların keçirilməsi Azərbaycan təbabət elminin inkişafında xüsusi rol oynamışdır.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan səhiyyəsi müvəffəqiyyətlə inkişaf etməkdədir. Onun təşəbbüsü və rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları, qanun və qərarlar qəbul edilmişdir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir.

Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. 2017-ci ildən etibarən ölkəmizdə səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaq məqsədilə mərhələli şəkildə genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Təcili təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq məqsədilə pilot ərazilərdəki Mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulmuş, 750-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Koronavirusla mübarizə zamanı ölkəmizdə qabaqlayıcı tədbirlər görülmüş, 14 ölkəyə zəruri maliyyə və texniki yardım edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilir. Azad edilmiş ərazilərdə səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim məntəqəsinin inşasına başlanılmış və istifadəyə verilmişdir.

Azərbaycan səhiyyəsi çox çətin inkişaf yolu keçərək köklü dəyişikliklər və yüksək səylər nəticəsində dünyanın qabaqcıl ölkələri səviyyəsinə qalxmışdır. Bu gün ölkəmizdə tibb işçilərinə yüksək dəyər verilir və tibb işçilərimiz əzmkarlıqla, yorulmadan çalışırlar. Azərbaycan tibb işçiləri iki sınaqdan uğurla çıxmışdır: COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsində yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək xəstələrin və yaralananların həyatı uğrunda şücaətlər göstərmişlər. Azərbaycan tibb işçiləri ordusu hər zaman olduğu kimi bu gün də öz qüvvələrini səfərbər edərək xalqımızın sağlamlığının qorunması naminə yüksək fədakarlıqla çalışır. 
 


Tövsiyə edilən ədəbiyyat:

  1. İbrahimli, Hikmət İsfəndiyar oğlu. İctimai sağlamlıq və səhiyyə: Monoqrafiya /[H. İ. İbrahimli] ; Azərb. Resp. Səhiyyə Nazirliyi, Ə. Əliyev ad. Azərb. Dövlət Həkimləri Təkmilləşdirmə İn-tu. - Bakı: Bəxtiyar-4, 2022. - 260 s.
  2. Gəraybəyli, Gəray Çingiz oğlu. Azərbaycan Tibb Universiteti 90: [90 il: 1930-2020] /G. Gəraybəyli (baş red.) ; nəşrə məsul və tərt.: M. Allahverdiyev, N. Pənahov, G. Aslanova ; [ön söz O. Şirəliyev] ; Azərb. Resp. Səhiyyə Nazirliyi, Azərb. Tibb Un-ti. - Bakı: Təhsil, 2020. - 511 s.
  3. Əlibəyli, Şahin Böyükağa oğlu. Müstəqil Azərbaycanın müasir səhiyyə sisteminin qurucusu /Ş. Əlibəyli [ön söz]. - Bakı: LH Group, 2023. - 159 s.
  4. Qurbanova, Sona Allahverdi qızı. Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında səhiyyənin inkişafında rolu: (2004-2020-ci illər) /S. Qurbanova ; red. E. Ə. Məhərrəmov. - Bakı: Elm və Təhsil, 2021. - 77 s.