Tarixdən səhifələr

Akademik Bəkir Nəbiyev

Akademik Bəkir Nəbiyev

Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş bölgəsinin Üçqovaq kəndində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, 1960-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1961-ci ildən AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. On altı il (1971-1987) AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəhbərlik etmişdir. 1982-ci ildə professor elmi adı almış, 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 1987-ci ildən 2001-ci ilədək AMEA-nın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi vəzifəsində çalışmış, «Azəbaycan EA Xəbərləri» (ədəbiyyat, dil və incəsənət seriyası)» jurnalının baş redaktoru olmuşdur. 2003-cü ildə АМЕА-nın müşaviri seçilmiş və həmin ildən ömrünün sonunadək (2012) AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir.

B.Nəbiyev altıcildlik «Çoxmillətli sovet ədəbiyyatı tarixi»nin (1974) həmmüəllifi, ikicildlik «Аzərbaycan sovet ədəbiyyatı tarixi»nin (1967) müəlliflərindən və redaktorlarından biri, ilk cildi 2004-cü ildə çapdan çıxmış altıcildlik «Аzərbaycan ədəbiyyatı tarixi»nin baş redaktoru olmuşdur. Uzun illər (1976-1987) Azərbaycan Sovet Ensiklopediyasının ədəbiyyat məsələləri üzrə elmi məsləhətçisi, (2004-2012) Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 30 cildlik «Тürk dünyası ədəbiyyatı tarixi» külliyyatının (2007, Аnkara) Azərbaycan Respublikası üzrə məsul əlaqələndiricisi olmuşdur.

Akademik B. Nəbiyev 51 kitabın, 800-dən artıq məqalə və resenziyanın müəllifidir. Alimin «Firudin bəy Köçərlinin həyat və yaradıcılığı», «Ədəbi düşüncələr», «Tənqid və ədəbi proses», «Kamalın təntənəsi», «Roman və müasir qəhrəman», «Özümüzdən başlayaq», «Əhməd Cavad», «Didərgin şair», «Şəhriyar kəlamının vüsəti», «Çətin yollarda», «İstiqlal şairi», «Xəzan vurmasın», «Heydər Əliyev haqqında etüdlər», «Hərənin öz yolu var...», «Üzeyir Hacıbəylinin ömürnaməsi» və b. kitabları elmi-ədəbi ictimaiyyət tərəfində dönə-dönə təqdir edilmişdir. B.Nəbiyevin rəhbərliyi altında 40 alim fəlsəfə doktoru və elmlər doktoru üzrə dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər.

Görkəmli alim ədəbi-tənqidi məqalələri üçün tənqidçilər arasında «Qızıl qələm» mükafatını almış (1974) ilk Azərbaycan tənqidçisidir. O, «Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı» mövzusunda tədqiqatına və «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı» monoqrafiyasına görə 1978 və 2010-cu illərdə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə «Xalqlar Dostluğu» ordeni ilə təltif edilmişdir (1986). Əməkdar elm xadimi (1990), «Hacı Zeynalabdin Tağıyev» (1993) və «Məmməd Araz» (1994) mükafatlarının laureatı olmuşdur. 2002-ci ildə «Türk dünyası xalqlarına xidmət üçün» Beynəlxalq TİKA mükafatına, Azərbaycan Jurnalistlər Birliyi Rəyasət Heyətinin «Ustad» Ali Mükafatına (1997), 2005-ci ildə «Akademik Yusif Məmmədəliyev» medalına layiq görülmüşdür. «Xalqlar dostluğu», «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir.

Akademik Bəkir Nəbiyev 2012-ci il martın 16-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Paşayev, Qəzənfər Məhəmməd oğlu. Seçilmiş əsərləri : yeddi cildliyin davamı / Q. M. Paşayev ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. VIII cild / elmi red. B. B. Əhmədov. - Bakı : Təhsil, 2018. - 480 s.
  2. Nəbiyev, Bəkir Əhməd oğlu. Seçilmiş əsərləri : 5 cilddə / B. Ə. Nəbiyev ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. I cild : Klassikləri oxuyarkən / red. N. M. Cabbarlı. - Bakı : Çinar-Çap, 2009. - 492 s.
  3. Kərimli, Teymur Həşim oğlu. Gözəllərin axıra qalmışı / T. H. Kərimli ; elmi red. N. M. Cabbarlı ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Çaşıoğlu, 2010. - 232 s.
  4. Hüseynova, Əsmər Dadaş qızı. Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti : monoqrafiya / Ə. D. Hüseynova ; red. V. Ə. Yusifli ; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. - Bakı : Afpoliqraf, 2024. - 164 s.