Tarixdən səhifələr

Azərbaycan monumental heykəltaraşlığın ilk qadın nümayəndəsi Münəvvər Rzayeva

Azərbaycan monumental heykəltaraşlığın ilk qadın nümayəndəsi Münəvvər Rzayeva

Şərqin ilk monumentalçı heykəltəraşı, Əməkdar rəssam Münəvvər Məcid qızı Rzayeva 1929-cu il iyunun 6-da Bakıda anadan olmuşdur. Əslən Şuşalı olan Münəvvər Rzayevanın atası Məcid bəy Şuşada tanınmış xalça ustası olmuşdur. O, 1946-1950-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1950-1956-cı illərdə isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır.

AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərərək bir neçə heykəli məharətlə bərpa etmiş və çoxsaylı heykəl, büst və barelyeflərin müəllifi olmuşdur. 1953-cü ildə Rəssamlar İttifaqı və Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü seçilmişdir.

Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmət, Ayna Sultanova, Sevil Qazıyeva, Bəhmənyar, Nəsimi və başqalarının büstlərini işləyib hazırlamışdır. Onun yaratdığı heykəllər emosionallığı ilə fərqlənir. Təkcə Məhsəti Gəncəvinin obrazı onun həyatının 20 ilini almışdır. Böyük şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar üzərində işləmişdir.

Münəvvər Rzayeva əsərlərinin plastikasında bütün detallara diqqətlə yanaşmış və çox az sənətkara nəsib olan gözlərin ifadəliliyinə ustalıqla nail olmuşdur. Onun heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynamışdır. O, əsasən psixoloji portret ustası kimi, yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu və dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi.

Heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayaraq sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst və barelyeflərini özünəməxsus tərzdə yaratmışdır.

Onun yaradıcılığında xüsusi yer tutan son əsərlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilmiş Heydər Əliyevin tunc barelyefidir (uzunluğu 82 sm, eni 59 sm). Bu barelyef 1998-ci il mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətilə alpinistlər dəstəsi tərəfindən fəth edilmiş ən uca dağ zirvəsinə bərkidilmişdir.

Münəvvər Rzayeva 1997-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. Onun əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində, AMEA Nizami adına Ədəbiyyat muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

Azərbaycanın görkəmli şəxsiyyətlərini incə zövqlə yaradan Münəvvər Rzayeva xalqını və dövlətini sevən bir sənətkar kimi yaratdığı monumental heykəllərlə adını Azərbaycan heykəltəraşlıq sənətinə qızıl hərflərlə yazdırmışdır.
Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Quliyev, Rafiq Məhərrəm oğlu. Azərbaycan incəsənətində rəmzi-obrazlı bədii şərhə yüksəlmə / R. M. Quliyev ; elmi red. V. İ. İsmayılov ; red. R. N. Qurbanov ; Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz. - Bakı : Təknur MMC, 2007. - 160 s.
  2. Əliyev, Elçin Tofiq oğlu. Bakı memarlıq abidələrində fasad heykəltaraşlıq nümunələri: On doqquzuncu əsrin sonu - iyirminci əsrin əvvəlləri /E. T. Əliyev ; red. P. Əliyeva ; ingilis dilindən tərc. A. Əzimov; fransız dilindən tərc.: K. Əhmədova, L. Aubri; dizayn. N. Novruzov Foto-albom. - Bakı: Meqa, 2010. - 332 s.