Görkəmli Azərbaycan şairi Əlican Qövsi Təbrizi
XVI əsrin sonu – XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Əlican Qövsi Təbrizi 1568-ci ildə Təbrizdə sənətkar və şair ailəsində anadan olmuşdur. O, ilk təhsilini atasından almış, daha sonra İsfahanda oxumuş və təhsilini başa vurduqdan sonra Təbrizə qayıdaraq burada din xadimi kimi fəaliyyət göstərmişdir.
Qövsi Təbrizi əsərlərini həm fars, həm də Azərbaycan türkcəsində yazmışdır. Onun poeziyasında klassik üslubun poetik xüsusiyyətləri ilə xalq şeirinə məxsus sadəlik və səmimiyyət uzlaşır. Şair fikirlərini aydın ifadə etmiş, şeirlərində danışıq dilindən geniş istifadə etmiş, xalq deyimləri və atalar sözlərinə tez-tez müraciət etmişdir.
Qövsi Təbrizi Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsinin lirikasında ictimai-fəlsəfi mövzular, müxtəlif poetik janrların tətbiqi və bədii dilin işlənmə mədəniyyəti diqqət çəkir. Onun qəzəlləri və digər lirik nümunələri həm forma, həm də məzmun baxımından yüksək sənətkarlıq nümayiş etdirir.
Şairin ədəbi irsindən iki divan nüsxəsi məlumdur. Bu divanlardan biri İngiltərədə Britaniya Muzeyində, digəri Gürcüstan Dövlət Muzeyində saxlanılır. Azərbaycan ədəbiyyatşünasları F.Köçərli, M.Tərbiyət və Salman Mümtaz onun yaradıcılığını araşdırmışlar. F.Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabında Qövsinin qəzəllərindən nümunələr təqdim etmiş, Salman Mümtaz isə 1925-ci ildə Bakıda şairin əsərlərinin bir hissəsini çap etdirmişdir. Bu kitabda 62 qəzəl, bir müxəmməs və bir neçə rübai toplanmışdır. Türk alimi İsmayıl Hikmət isə 1928-ci ildə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” əsərində Qövsi Təbrizi haqqında ayrıca bölmə vermişdir.
Əlican Qövsi Təbrizi 1640-cı ildə vəfat etmişdir. Onun poeziyası həm klassik ənənəni davam etdirməsi, həm də xalq dilinə yaxınlığı ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutur.
Tövsiyə edilən ədəbiyyat:
- Kərimov, Paşa Əli oğlu. XVII əsr anadilli Azərbaycan poeziyası : icmal və portret-oçerklər: monoqrafiya / P. Ə. Kərimov ; red. M. M. Adilov; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı : Nurlan, 2012. - 200 s.
- Təbrizi, Qövsi Əlican. Seçilmiş əsərləri / Q. Ə. Təbrizi ; tərt. P. Ə. Kərimov; red. K. Hüseynoğlu. - Bakı : Lider nəşriyyat, 2005. - 328 s.
- Təbrizi, Əlican Qövsi. Divan / Ə. Q. Təbrizi ; tərt. P. Kərimov ; red. M. M. Adilov ; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Təkrar nəşr. - Bakı : Elm və təhsil, 2012. - 449 s.