Tanınmış amerikalı tarixçi, Yel Universitetinin professoru Firuz Kazımzadə
Əslən azərbaycanlı olan Amerika tarixçisi,Yel Universitetinin tarix üzrə əməkdar professoru Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Firuz Kazımzadə ilk təhsilini Moskvada alıb. Sonradan ABŞ-a köçən Kazımzadə ali təhsilini ABŞ – da (1944) Stenford Universitetində almışdır. 1946-cı ildə universiteti fəqlənmə diplomu ilə bitirən Firuz Kazımzadə 1 il sonra Harvard Universitetinin magistraturasına daxil olur. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixinə dair doktorluq dissertasiyasını müdafiə edir və 1956- cı ilə qədər bu unuversitetdə çalışır.
Firuz Kazımzadə 27 yaşında ilk "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını 1951-ci ildə nəşr etdirib. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır. Bu kitab Bakıda Qafqaz Strateji Araşdırmalar İnstitutu tərəfindən 2010-cu ildə rus dilində yenidən nəşr olumuşdur. Bu əsər dünya ölkələrinin Qafqazda toqquşan strateji maraqları və XX əsrin əvvəlində müstəqilliklərini itirmiş üç respublika haqqında faktları üzə çıxarır.
Firuz Kazımzadənin ikinci kitabı olan “Rusiya və İngiltərə İranda (1864-1914). İmperializmin tədqiqi" monoqrafiyası Yell Universitetinin nəşriyyatı tərəfindən 1968 – ci ildə nəşr olunub. Bu kitab 2004-cü ildə Moskvada rus dilində "İranda nüfuz uğrunda mübarizə. Rusiya və İngiltərə diplomatik qarşıdurma" başlığı ilə nəşr olunmuşdur.
Kazımzadənin 3-cü əsəri "Böyük İvandan inqilabadək rus imperializmi" 1974-cü ildə çapdan çıxmışdır. Bu əsərləri ilə yanaşı, Kazımzadənin pedaqoji fəaliyyəti də olmuşdur. Harvardda 2 il kiçik elmi işçi işlədikdən sonra o, 1958-ci ildən Yel Unversitetində elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir. Firuz Kazımzadə bu universitetdə 3 ildən sonra müddətsiz kontrakta nail olaraq, 1967-ci ildə 43 yaşında professor vəzifəsini qazanır. O, Yel Universitetində 1991- ci ilədək işləmişdir. Müxtəlif vaxtlarda Rusiya və Şərqi Avropanı öyrənmək (bakalavriat üzrə) proqramı çərçivəsində direktor, Yaxın Şərqi öyrənmək proqramının direktoru kimi vəzifələrdə çalışmışdır. 1998 - ci ildə ABŞ Prezidenti Klinton onu dünyada Beynəlxalq Dini Etiqad Azadlığı məsələləri üzrə komissiyanın tərkibinə daxil etmişdir. O burada 1998-2003- cü illərdə fəaliyyət göstərmişdir. Professor Kazımzadə Rusiya və İran tarixinə dair bir sıra kitabların, habelə nüfuzlu elmi jurnallar üçün çoxsaylı məqalə və rəylərin müəllifidir.
Firuz Kazımzadə 17 may 2017-ci ildə ABŞ - da vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Каземзаде, Фируз. Борьба за Закавказье: 1917-1921 / Ф. Каземзаде; пер. А. Умаевой; Институт Стратегических Исследований Кавказа.- Стокгольм: CA&CC Press, 2010.- 328 с.
- Kazemzаdeh Firuz. The struggle for Transcaucasia, 1917-1921 / by Firuz Kazemzadeh; with an introd. by Michael Karpovich. – New York: Philos. Libr., 1951. – 356 p.
- Kazemzаdeh Firuz. Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism / by Firuz Kazemzadeh. - New Haven and London: Yale University Press, 1968. - 711 p.