Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov
Hacıağa Mütəllib oğlu Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. H. Abbasov burada azərbaycanlılardan ibarət teatr truppası yaradıb və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirib.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi özünün yaratdığı və rəhbərlik etdiyi də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün çox böyük mədəniyyət və dövlət xadimləri - rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid Ordubadi iştirak edib.
1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunan H.Abbasov burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan H.Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə, teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalırdı. Bu illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Həmin aktyorların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı - təkcə Azərbaycanda deyil, ozamankı Sovet İttifaqı məkanında geniş tanınan sənətkarlar idilər. Bütün bu xidmətlərinə görə H.Abbasov 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görüldü.
Görkəmli aktyorun həyat yolu heç də asan keçməyib. O, repressiyaya məruz qalıb, uzun müddət təqib olunub. Orta Asiyada məcburi sürgün həyatı yaşayarkən burada səhnə fəaliyyətini davam etdirib, teatr truppaları, dərnəklər yaradıb.
İkinci Dünya müharibəsi illərində o, respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisi vəzifəsində çalışırdı. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması bilavasitə onun adı ilə bağlıdır. H.Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi.
H.Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar yaradıb. Bu sırada Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun ”Nadir Şah” əsərində Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Qubad , Nikolay Qoqolun “Müfəttiş” əsərində Osip, S.L.Lanskoyun “Qəzavat” əsərində Molla Hüseyn Dərbəndi, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, “Ər və arvad”da Kəblə Qubad, Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” əsərində Orduxan bəy, “Evliykən subay”da Kəblə Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini qeyd etmək olar.
Hacıağa Abbasov 1975-ci il mayın 7-də Bakıda dünyasını dəyişib və 2-ci Fəxri xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat:
- Abasov, Hacıağa Mütəllib oğlu. Xatirələrim/H. Abasov ; layihə rəhb. Ş. Sadiq ; mətn tərtibatı R. Yerfi ; naşir M. Xan ; diz. və qrafika T. Fərzi. - Bakı: XAN, 2016. – 118 s.
- Səfərov, Cabir Mahmud oğlu. Hacağa Abasov /C. M. Səfərov ; red. A. Babayev, İ. Göyçaylı ; rəss. S. Qənbərov. - Bakı: Azərnəşr, 1963. - 55 s.