Tarixdən səhifələr

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

Həsən bəy Səlim bəy oğlu Məlikov 1842-ci ildə Göyçayın yaxınlığında Zərdabda anadan olmuşdur.

İlk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır.

1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.

Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlamışçddır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakı realni məktəbində təbiət elmlərindən dərs demişdir.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.

Zərdabi "Əkinçi"ni yaratmaqla milli mətbuatın əsasını qoymuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.

Bu qəzetdə M. F. Axundov, S. Ə. Şirvani, N. B. Vəzirov və Azərbaycanın bir sıra görkəmli xadimləri çıxış edirdilər.

Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

Bundan sonra Zərdabi doğulduğu rayona gedərək 20 il orada müəllimlik etdi. 1896-cı ildə Bakıya qayıdıb "Kaspi" qəzetinə redaktorluq etməyə başladı. O, "Torpaq, su və hava", "Fiziki sağlamlığın saxlanması metodları" və bir sıra elmi pedaqoji əsərlərin müəllifi idi. 1901-ci ildə ilk qızlar məktəbinin təşkilində və 1906-cı ildə müəllimlərin ilk qurultayının işində iştirak edir. Bakı şəhər dumasına deputat seçilir.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Qızı Pəri xanım Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı idi.

Azərbaycan Təbiət Tarixi Muzeyi, doğulduğu rayon  Həsən bəy Zərdabinin adını daşıyır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həsənov, Eldəniz Əli oğlu. Həsən bəy Zərdabi irsi : keşməkeşli həyat yolu: monoqrafiya / E. Ə. Həsənov ; elmi red. J. F. Əliyeva ; red. İ. S. Əliyeva. - Bakı : Zərdabi LTD MMC, 2013. - 384 s.
  2. Həsən bəy Zərdabi / tərt.-red., ön sözün müəl. T. Ə. Əhmədov. - Bakı : Nurlar NPM, 2015. - 312 s.
  3. Zərdabi, Həsən Bəy. Seçilmiş məqalələri və məktubları : rus dilindən tərcümə / H. Zərdabi ; rus dilindən tərc. İ. C. Əhmədov ; ideya müəl. L. B. Babayev ; red. T. Aydınoğlu. - Bakı : Zərdabi LTD MMC, 2016. - 912 s.
  4. Həsən bəy Zərdabi və "Əkinçi" : bioqrafik məqalələr, məktublar, xatirələr, tədqiqatlar / Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondu ; red. heyəti: M. Yaqub [et al.]. - Bakı : [n. y.], 2010. - 225 s.