Tarixdən səhifələr

Ramiz Zöhrabov – Azərbaycan musiqişünaslıq elminin görkəmli nümayəndəsi

Ramiz Zöhrabov – Azərbaycan musiqişünaslıq elminin görkəmli nümayəndəsi

Azərbaycan musiqişünaslıq elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim Ramiz Fərzulla oğlu Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

1947-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış, 1958-1960-cu illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirməsi onun elmi istiqamətini müəyyənləşdirmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Q. Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi müəllimi kimi başlamışdır. 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsini icra etmiş, 1968-1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmışdır. 1969-cu ildən etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında çalışmış, milli musiqi irsinin elmi əsaslarla öyrənilməsinə ardıcıl töhfələr vermişdir. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilmiş və 2012-ci ilədək həmin vəzifəni icra etmişdir.

Ramiz Zöhrabov 1974-cü ildə sənətşünaslıq namizədi, 1994-cü ildə sənətşünaslıq doktoru elmi dərəcəsini almışdır. Yarım əsrə yaxın davam edən pedaqoji fəaliyyəti ərzində musiqişünas alimlərin bir neçə nəslinin yetişməsinə töhfə vermiş; onun rəhbərliyi altında sənətşünaslıq sahəsində çoxsaylı fəlsəfə doktorları və elmlər doktorları hazırlanmışdır.

1971-ci ildən etibarən televiziya və radioda silsilə verilişlərin müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin geniş auditoriyaya tanıdılmasında mühüm rol oynamışdır. Alim həm ölkə daxilində, həm də xaricdə keçirilən beynəlxalq simpozium və konfranslarda muğam sənətinə dair məruzələrlə çıxış edərək milli musiqinin elmi əsaslarını geniş ictimaiyyətə təqdim etmişdir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi iştirak etmiş, muğam sənətinin incəliklərinin auditoriyaya çatdırılmasına xidmət etmişdir.

Şifahi ənənəli Azərbaycan professional musiqi janrlarının nəzəri problemlərinə və bəstəkar yaradıcılığına dair 20 kitabın, 350-dən artıq elmi-publisistik məqalənin müəllifidir. "Azərbaycan təsnifləri" kitabı 1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilmişdir. "Azərbaycan zərbimuğamları" (1986), "Muğam" (1991) və "Bəstəkarlarımızın portreti" (Bakı, 1997) əsərləri milli musiqişünaslıq ədəbiyyatının əsas mənbələri sırasına daxildir. "Azərbaycan modal musiqisi" (Tehran, 1999) və "Cahargah muğamının nəzəri əsasları" (Bakı, 2000) tədqiqatları milli musiqi nəzəriyyəsinin inkişafında xüsusi mərhələ təşkil edir. "Azərbaycan musiqi ədəbiyyatı", "Musiqi ədəbiyyatı" və "Şifahi ənənəli Azərbaycan professional musiqisi" adlı dərslikləri isə onilliklər boyu tədris prosesinin əsas vəsaitlərindən biri olmuşdur.

Bəstəkarlıq fəaliyyəti də elmi yaradıcılığı ilə paralel davam etmişdir. Xalq çalğı orkestri üçün bəstələdiyi "Bayram lövhələri", "Uşaq səhnələri" və "Ərdəbil lövhələri" suitalari, eləcə də instrumental pyesləri Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin fonduna daxil edilmişdir. Müxtəlif məzmunlu mahnıları tanınmış müğənnilər, uşaq xorları və solistlər tərəfindən ifa edilmişdir.

Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülmüşdür. 1990-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adını almış, 1997-ci ildə "Humay" mükafatına layiq görülmüş, 2008-ci ildə "Xalq artisti" fəxri adı ilə təltif edilmişdir. 2009-cu ildə "Şöhrət" ordeni ilə mükafatlandırılmışdır.

Professor Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 23-də vəfat etmişdir. Onun elmi irsi — əsərləri, yetişdirdiyi alimlər nəsli və apardığı tədqiqatlar — Azərbaycan musiqişünaslıq elminin inkişafında əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Zöhrabov, Ramiz Fərzulla oğlu. Ramiz Mustafayev: Monoqrafiya /R. Zöhrabov; Nəşr ed. V. Əziz. - Bakı: Ergün, 1995. - 24 s.
  2. Ramiz Zöhrabov: Görkəmli musiqişünas-alim /tərtibatçı L. Zöhrabova ; xüsusi red. C. Həsənova. - Bakı: Mars-Print, 2013. - 368 s.
  3. Zöhrabova, Leyla Ramiz qızı. Ramiz Zöhrabov /L. Zöhrabova ; red. Z. Qafarova ; buraxıl. məsul Ə. Əsədzadə ; Azərb. Bəstəkarlar İttifaqı. - Bakı: Renessans-A, 2020. - 26 s.