Tarixdən səhifələr

Görkəmli kinorejissor və aktyor Şahmar Ələkbərov

Görkəmli kinorejissor və aktyor Şahmar Ələkbərov

Şahmar Zülfüqar oğlu Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olmuşdur. Atası Zülfüqar kişi Cəbrayıl rayonundan, anası İzulət xanım isə Tiflisə bağlı ərazidəndir. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçmüş və o, təhsilini burada davam etdirmişdir.

1964-cü ildə teatr institutunun “Aktyorluq” fakültəsində professor Rza Təhmasibin kursunu bitirmişdir. Hələ III kursdan Akademik Milli Dram Teatrına işə qəbul olunaraq, burada müxtəlif tamaşalarda uğurlu rollar ifaçısı kimi tanınmağa başlamışdır. Teatrda qazandığı uğurlar kino sənayesinin də diqqətindən yayınmadı. Görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə “Azərbaycanfilm”in nəzdində yaradılmış “Kino aktyorluğu” studiyasında fəaliyyətə başlayan Şahmar Ələkbərov, qısa müddət ərzində milli kinomuzun unudulmaz simasına çevrildi. O, “Dağlarda döyüş”, “Həyat bizi sınayır”, “Yeddi oğul istərəm”, “Qızılqaz”, “Mən ki gözəl deyildim”, “Qatır Məmməd”, “Babək”, “Arxadan vurulan zərbə”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi” kimi filmlərdə yaratdığı fərqli və yaddaqalan obrazlarla tamaşaçıların qəlbində xüsusi yer tutdu.

Yaradıcılıq potensialı təkcə aktyorluqla məhdudlaşmayan Şahmar Ələkbərov, illərlə içində daşıdığı rejissorluq arzularını ilk dəfə 1987-ci ildə reallaşdırmağa müvəffəq oldu. Gülbəniz Əzimzadə ilə birlikdə Anarın ssenarisi əsasında çəkdikləri “İmtahan” filmi onun bu sahədəki ilk təcrübəsi olsa da, peşəkarlıq baxımından kifayət qədər yetkin bir ekran əsəri kimi qiymətləndirildi. Lakin onun böyük kinoda müstəqil rejissor kimi imzası 1989-cu ildə Elçinin ssenarisi əsasında çəkdiyi “Sahilsiz gecə” filmi ilə geniş rezonans doğurdu. Bu ekran əsəri yalnız dövrün sosial-psixoloji reallıqlarını əks etdirmək baxımından deyil, həm də müəllifin insan təbiətinə və cəmiyyətə baxış bucağını əks etdirməsi ilə fərqlənirdi. Şahmar Ələkbərovun 1991-ci ildə öz ssenarisi əsasında çəkdiyi “Qəzəlxan” adlı ikiseriyalı film isə onun yaradıcılığının zirvələrindən biri hesab olunur.

Şahmar Ələkbərov teleradio sahəsində də aktiv fəaliyyət göstərmiş, radio proqramları aparmışdır. “Ulduz” proqramının aparıcısı kimi çıxış etmiş, televiziya tamaşalarında rol almışdır. O, həmçinin “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olmuşdur. Onun yaradıcılığının böyük hissəsi dublyaj və səsləndirmə işi ilə bağlı olub - "Azərbaycanfilm" kinostudiyasında çəkilən və dublyaj edilən müxtəlif xronometrajlı və janrlı filmlərin qəhrəmanları məhz onun səsi ilə danışır.

Şahmar Ələkbərov 1976-cı ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 12 avqust 1992-ci ildə vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məhərrəmov, Akif Əli oğlu. Müasir Azərbaycan kinoaktyorları /A. Məhərrəmov; ön söz müəl. M. Muradxanova; rəyçi C. Əlibəyov. - Bakı: İşıq, 1984. - 78 s.
  2. Hüseynov, Əlisəfdər Mürsəl oğlu. Sevgimizdən usanmayaq /Ə. Hüseynov ; red. V. Qafarov. - Bakı: Tuna, 2020. - 199 s.