Tarixdən səhifələr

Tanınmış bəstəkar Aqşın Əlizadə

Tanınmış bəstəkar Aqşın Əlizadə

Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci il mayın 22-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Aqşin Əlizadə 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. Aqşin Əlizadə 1991-1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər olub. O, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında İdarə Heyətinin katibi seçilərək, 2012-ci ilədək həmin vəzifədə çalışıb, həmçinin on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Aqşin Əlizadə cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirib.

Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Onun özünəməxsus fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddət ərzində çox sayda dəyərli əsərlər meydana gətirib. Sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti "Babək” və müşayiətsiz xor üçün "Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib. Bəstəkarın yaradıcılığında kinofilmlər və tamaşalar üçün yazdığı musiqilər və mahnılar da xüsusi yer tutur.

Aqşin Əlizadə sənətinin başlıca qayəsi xalqın qəhrəmanlıq dolu keçmişinin, vətənə məhəbbətin, humanizmin, həyata inamın və insanın mənəvi ucalığının tərənnümündən ibarətdir. Təbiət lövhələrinin canlılığı, parlaq obrazlılıq və melodizm, xüsusən milli muğamlardan qaynaqlanan cəhətlər bəstəkarın əsərləri üçün xarakterikdir. Aqşin Əlizadənin musiqi irsi öz gücünü Azərbaycan xalq musiqisinin dərin qatlarından alıb. Müasir kompozisiya üsullarından da uğurla istifadə edən sənətkar milli musiqi mədəniyyətinə layiqli töhfələr verib.

Aqşin Əlizadənin əsas əsərləri “Babək” baleti, “Qаfqаzа səyаhət” baleti, “Ümid vаlsı” baleti, “5-ci simfoniya”, xor üçün “Bayatılar”, “Təntənə”, “Azərilər” kantatası, “Ana torpaq”, “Qədim lay-lay”, kamera orkestri üçün “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitası”, “Uşaq suitası”, fortepiano üçün sonata, “Dastan”, “Qədim oyunlar”, “Portret”, xoreoqrafiq simfoniya və digərləridir. 50-dən çox  bədii filmə, cizgi filminə, tamaşaya musiqi bəstələyib.

Aqşin Əlizadənin musiqi sahəsində gördüyü işlər həmişə dövlət tərəfindən qiymətləndirilmişdir. Görkəmli bəstəkar Azərbaycan SSR Xalq artisti Fəxri adı (1987) ilə yanaşı Azərbaycan SSR Dövlət mükafatı (1978), “Şöhrət” ordeni (1997) və  “Şərəf” (2012) ordeni ilə təltif olunmuşdur.

Böyük bəstəkar Aqşin Əlizadə 3 may 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Aqşin Əlizadə : publisistik irs, məqalələr, müsahibələr / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; tərt.-red. L. Ş. Hüseynova, rəy. F. Ə. Əlizadə. - Bakı : Avrasiya Press, 2012. - 524 s.
  2. Aqşin Əlizadə - xatirələr işığında : esse, oçerk, portret cizgiləri və foto sənədlər toplusu / F. Qarayev, O. Rəcəbov, G. Abdullazadə [et al.] ; tərt.-red.: L. Ş. Hüseynova, F. R. Nəbiyeva. - Bakı : Elm və təhsil, 2024. - 360 s.
  3. Dadaşzadə, Zümrüd Araz qızı. Aqşin Əlizadə: monoqrafiya /Z.A. Dadaşzadə; red. R. Zöhrabov. - Bakı: Şur, 1992. - 32 s.