Akademik Vəli Axundov
Vəli Yusif oğlu Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Məktəbin yaşayış yerindən xeyli məsafədə yerləşməsinə baxmayaraq, hər gün bu yolu piyada qət etməsi onun təhsildə yüksək nəticələr əldə etməsinə mane olmamışdır. 1929-cu ildə həmin məktəbi bitirdikdən sonra Biləcəri stansiyasında fabrik-zavod məktəbində təhsilini davam etdirmiş, 1931-ci ildə sənət məktəbini başa vuraraq Bakı Sənaye Texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirərək kimyaçı-texnik ixtisasına yiyələnmişdir. Ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.
İnstitutda təhsil aldığı illərdə o, ictimai fəaliyyətlə də fəal məşğul olmuşdur. İctimai elmlər kafedrasında laborant kimi çalışmış, “Tibbi kadrlar uğrunda” qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifələrində çalışmışdır. 1941-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra hərbi xidmətə çağırılmış və 1941–1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmişdir. 20-ci atıcı diviziyanın tərkibində xidmət edən Vəli Axundov sıravi həkimlikdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya və Çexoslovakiya ərazilərində gedən döyüşlərdə iştirak etmişdir.
1946-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya qayıtmış, Azərbaycan Tibb İnstitutunun tibb tarixi kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. Daha sonra Elmi Tədqiqat Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda elmi işçi kimi çalışmış, sonralar həmin instituta rəhbərlik etmişdir. 1946–1949-cu illərdə Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olmuşdur.
1949–1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952–1953-cü illərdə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri, 1953–1954-cü illərdə isə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri kimi sanitariya-epidemioloji vəziyyətin öyrənilməsi, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə şəhər və kəndlərin sanitariya baxımından sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlər digər ittifaq respublikalarında da tətbiq olunmuşdur.
1958-ci ilin yanvarında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyul ayında Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilmiş və 1959-cu ilin iyulunadək bu vəzifəni icra etmişdir. 1959–1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. Bu dövrdə respublikanın sənaye və kənd təsərrüfatı sahələrində istehsal həcmləri artmış, xüsusilə neft hasilatı yüksək səviyyəyə çatmışdır.
Dövlət idarəçiliyində məsul vəzifələrdə çalışmasına baxmayaraq, Vəli Axundov elmi fəaliyyətini davam etdirmişdir. 1956-cı ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Həmin ildən etibarən elmi fəaliyyətə əsas diqqətini yönəltmiş, 1969–1972-ci illərdə akademiyanın vitse-prezidenti kimi səhiyyə sahəsinin inkişafına rəhbərlik etmişdir.
Onun elmi maraq dairəsi sosial gigiyena, tibbi kibernetika, insan sağlamlığı ilə ətraf mühit amilləri arasındakı qarşılıqlı əlaqələr, qida məhsullarında pestisidlərin dövranı kimi istiqamətləri əhatə etmişdir. Bu sahələr üzrə aparılan tədqiqatlar əhali arasında xəstələnmənin azaldılmasına yönəlmiş elmi əsaslandırılmış tədbirlərin hazırlanmasına şərait yaratmışdır.
1972–1986-cı illərdə Q. M. Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə institutda elmi tədqiqatların istiqamətləri genişlənmiş, müasir metodlar tətbiq olunmuş, maddi-texniki baza möhkəmləndirilmişdir. İnstitut üçün əlavə korpus inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchizat həyata keçirilmişdir. Həmin dövrdə respublikada ilk dəfə olaraq ingilis dilində elmi konfranslar təşkil olunmuşdur.
Vəli Axundov elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə çoxsaylı namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. O, 5 monoqrafiya, 11 kitabça və 150-dən artıq elmi əsərin, eləcə də ictimai-siyasi və iqtisadi mövzulara həsr olunmuş 350-dən çox elmi-kütləvi məqalə və çıxışın müəllifidir.
İctimai fəaliyyəti çərçivəsində müxtəlif elmi cəmiyyətlərin, komitə və komissiyaların işində təmsil olunmuş, Azərbaycan gigiyenistləri və sanitariya həkimlərinin elmi cəmiyyətinə rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR və SSRİ Ali Sovetinə deputat seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur.
Çoxillik elmi, ictimai-siyasi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif edilmişdir.
Akademik Vəli Axundov 1986-cı il avqustun 22-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Rəhimzadə, Mirvari Əziz qızı. Görkəmli dövlət xadimi Vəli Axundov : yaddaşlardan və arxivlərdən boylanan ömür / M. Ə. Rəhimzadə ; red. V. M. Məmmədəliyev. - Bakı : Nurlar NPM, 2014. - 192 s.
- Akademik Vəli Axundovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika Elmi konfransının məcmuəsi / Ş. N. Abdullayev, V. H. Hüseynov, R. F. Axundov [et al.] ; baş red. N. N. Əliyev ; red. heyəti: K. Kərimzadə [et al.] ; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi [et al.]. - Bakı : Nasir, 2006. - 263 s.
- Zamanın işığında canlanan portret - Vəli Axundov /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi ; tərt. N. Axundova ; red. A. Yaşar ; məsləhətçi S. Babullaoğlu. - Bakı: Şərq-Qərb, 2016. - 235 s.
- Портрет на фоне эпохи - Вели Ахундов /ред.-сост. Н. Ахундова ; авт. исторического очерка И. Велизаде ; ред. исторического очерка Н. Мамедзаде. - Баку: Шарг-Гарб, 2016. – 271 с.