Tarixdən səhifələr

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin -Yar qəsəbəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Çingiz Mustafayev Cəmşid Naxçıvanski adına hərbi liseydə 3-cü sinifdən 10-cu sinifə qədər təhsil alıb. O, hərbi məktəbi tərk edib təhsilini Yasamal rayonu 167 saylı məktəbdə davam etdirib və 1977-ci ildə oranı bitirib.

1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilir.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır.
1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.

1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.

2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub.

"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.

1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nazimqızı, Könül. (Vəliyeva Könül Nazim qızı). Çingiz ömrü /K.Nazimqızı ; red. Q. İlqar, A. Şahverdiyev. - Bаkı: Səda, 1999. - 208 s.
  2. Ağa Ramiz qızı, Könül. Ölümdə yaşanan həyat /K.Ağa Ramiz qızı. - Bakı: Qanun, 2005. - 184 s.
  3. Əliqızı, Roza. Taleyimə yağan yağışlar/Roza Əliqızı; Red. V. Quliyev. - Bakı: Azərbaycan, 1993. - 111 s.
  4. Hüseynova, Aidə. Çingizli dünya /A. Hüseynova; Red. F. Ələsgərli; Rəssam. R. Əzizov. - Bakı: Azərnəşr, 1994. - 32 s.
  5. Əsgərov, Vüqar İsa oğlu. Azərbaycanın Milli Qəhrəmanları /V. Əsgərov; red. K. İsmayılov. - Bakı: Respublika Xatirə Kitabı, 2005. - 251 s.