Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayev
Azərbaycanın Xalq rəssamı, professor Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda anadan olmuşdur. Mikayıl Abdullayev Bakıda 21 nömrəli orta məktəbdə təhsil almışdır. O, 1939-cu ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1949-cu ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmiş, İqor Qrobar, Qriqoriy Şeqal, Sergey Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. O, əsərlərində əsasən impressionizm cərayanından istifadə etmişdir. Mikayl Abdullayev Moskvada təhsil aldığı müddətdə Tretyakov və Puşkin adına Təsviri İncəsənət muzeylərinə tez tez baş çəkərək Kranax, Rubens, Serov, Vrubel, Repin kimi dahi sənətkarları əyani şəkildə izləmişdir. Tələbəlik dövründə Bakıda olarkən ən çox Abşeron mənzərələri, etüdlər, təbiət guşələri təsvir etmişdir. Onun “Qəsbkarlar”, “Həsən Bəy Zərdabi”, “Nəsihət”, “Moskva Universitetində” əsərləri ona Moskvada oxuyarkən böyük rəğbət qazandırmışdır.
1942-43-cü illərdə Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Səməd Vurğun və başqa tanınmış simaların portretlərini çəkməyə üstünlük vermişdir. 20 yaşındaykən Üzeyir bəyin əsərini sağlığında olarkən naturdan çəkmiş və bu əsər yüksək qiymətlədirilmişdir. Mikayıl Abdullayevin Şuşada olarkən çəkdiyi milli koloritli “Axşam” kompozisiyası Moskvadakı “Ümumittifaq” qalereyasında mükafat qazanmışdır. Onun “portretlər qalereya” sına həmçinin “İmadəddin Nəsimi”, “M.P.Vaqif”, “Aşıq Ələsgər”, “M.F.Axundov”, “Akademik Yusif Məmmədəliyev”, “Yüz yaşlı şəbəkə ustası Ə.Babayev”, “Şair Rəsul Rza”, “Pianoçu F.Bədəlbəyli”, “Əbu Əli ibn Sina” və digər portretləri misal göstərmək olar.
M.Abdullayev 1955-ci ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adını alıb. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. İstedadlı rəssam 1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adına, 1969-cu ildə Beynəlxalq Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
Mikayıl Abdullayev hərtərəfli biliyə malik sənətkar olub. Təsviri sənətin bütün sahələrində özünü sınayıb: dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. Təsviri sənətin hər birində rəssam, özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, əsl sənət inciləri yaratmışdır.
Rəssam bu dövrdə həm də “Həmyerlilərim” silsiləsinə daxil olan bir neçə əsər yaradır. Buna misal olaraq “Azərbaycan çöllərində” triptixini, “Çəltikbecərənlər” diptixini, “Qoca çoban”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Abşeronda”, “Tarlada” və başqa əsərləri göstərmək olar. “Çəltikbecərənlər” diptixinə tamaşa edərkən kənd mövzusunun romantikasının, mərd Azərbaycan qadınının əməksevərliyinin inandırıcı boyalarla ifadəsini hiss edirsən. Bu əsərə görə rəssam 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
M.Abdullayev dünyanın bir çox ölkələrinə (İtaliya (1956), Hindistan (1957) və s.) səfər etmişdir. “Caypur qadınları”, “Benqal qızları”, “Balaca Çandra”, “Uzaq Caypurda”, “Racastan qadınları” və başqa əsərləri rəssamın “Hindistan silsiləsi”nin ən uğurlu əsərlərindəndir.
M.Abdullayev qrafika yaradıcılığında da məhsuldar olmuş, eyni zamanda bir neçə teatr tamaşasına bədii tərtibat vermişdir.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (5–9-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir. M.Abdullayev yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində "İstiqlal" ordeni və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görmüşdür.
Mikayıl Abdullayev Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrini qovuşduraraq özünəməxsus “Yeni miniatür üslubu”nun yaradıcısıdır. Mahir fırça ustası, istedadlı sənətkar Mikayıl Abdullayev rəssamlıq sənətində məhsuldarlığı, yeniliyi və milliliyi ilə yanaşı öz dövrünün gənc rəssam nəslinin yetişdirilməsində mühüm rol oynamışdır.
Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Mikayıl Abdullayev : 1921-2002: rəngkarlıq, qrafika = Mikayil Abdullayev : 1921-2002: painting, grapic arts / layihənin rəh. Ç. Fərzəliyev ; mətnin müəl. Ə. Məmmədova ; ing. dilinə tərc.: E. Paşayev, N. Əliyev, Ə. Məlikova ; fotoqr. Ə. Ağasiyev. - Bakı : Şərq-Qərb, 2013. - 104 s.
- Mikayıl Abdullayev : rəngkarlıq və qrafika = Mikayil Abdullayev : Painting & Graphics / Xalq Bank ; mətnin müəl. Ş. Y. Məlikova ; layihənin rəh. R. Həşimov ; red. S. Babullaoğlu. - Bakı : n. y., 2013. - 277 s.
- Quliyev, Əsəd Məhəmməd oğlu. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər / Ə. M. Quliyev ; elmi red. K. M. Əliyeva ; ön sözün müəl. Ö. H. Eldarov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2012. - 168 s.