Tarixdən səhifələr

Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü

Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü

6 oktyabr - Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü 1979-cu ildə Berndə vəhşi fauna və floranın, təbii yaşayış məskənlərinin qorunması Konvensiyası çərçivəsində təsis olunub. Bu sənəd Azərbaycan Respublikası tərəfindən 1999-cu il noyabrın 28-də ratifikasiya edilib.

Planetimizin hazırki ekoloji durumu, insan-təbiət münasibətlərində yaranmış disbalans dünyanın məşhur alimlərini və bütün nüfuzlu beynəlxalq təşkilatları artıq həyəcan təbilini çalmağa məcbur etmişdir. Artıq bu gün ekologiya BMT- nin və dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının (ÜST- Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST - Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, ÜBA - Ümumdünya Baytarlıq Assosiasiyası, FAO - Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı) diqqət mərkəzində duran planetar, bəşəri, insan sağlamlığının qorunmasına xidmət edən, qlobal, regional və lokal əhəmiyyətli məsələyə çevrilmişdir.

Ekoloji durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, ətraf mühitin mühafizəsi və təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərindəki disbalansın və ziddiyyətlərin qarşısının alınması, aradan qaldırılması müasir dövrün ən aktual və qlobal problemidir. Bu problem yaxın gələcəkdə öz müsbət həllini tapmazsa, onda bəşəriyyəti daha böyük və iri miqyaslı ekoloji böhran və fəlakətlər gözləyir. Belə ki, XIX və XX əsrlərdə antropogen fəaliyyət nəticəsində təbiətə, onun sərvətlərinə, ətraf mühitə həddindən artıq zərbə vurulmuş və ekoloji gərginlik yaranmışdır. Planetimizin ekoloji mənzərəsi antropogen fəaliyyətin təsirindən hazırda böhran halına düşmüş, sanki öz məhvəridən tamamilə çıxmışdır. 2000-ci ildən indiyədək olan müddət ərzində planetimizdə baş verən ekoloji kataklizmlər və fəlakətlər bəşəriyyəti çox ciddi imtahanla üzləşdirib. Avropa, Asiya və Afrika ölkələri, ABŞ, Latın Amerikası, Pakistan. Hindistan və s. baş verən böhran və fəlakətlər bəşəriyyəti təlatümə salmışdır. Alimlər birmənalı olaraq belə qənaətə gəlmişlər ki, ekoloji böhranların və kataklizmlərin hazırda arealının həddindən çox genişlənməsinin ən ümdə səbəbi antropogen fəaliyyət və ekoloji bumeranqın təsirindən yaranan qlobal istiləşmə və iqlim anomaliyalarıdır. Onlar qarşısıalınmaz ekoloji disbalans yaratmış və insan üçün qorxulu sayılan epidemiya, epizootiya və pandemiyaların arealının genişlənməsinə çox böyük zəmin yaratmışdır.

Bu dövrlərdə antropogen təsirlər nəticəsində dünyanın təbii meşə örtüyünün 2/3 hissəsi məhv edilmiş, ətraf mühitin canlı və cansız amilləri güclü antropogen təsirlərə məruz qalmış, çoxlu sayda flora və fauna növləri məhv olmuş, onların nəsli kəsilmiş, bəziləri «Qırmızı kitab»lara düşmüş, digər qrupların isə nəsli artıq kəsilmək üzrədir. Təbii quru ekosistemlərinin 63%-i tamamilə dağıdılıb, yerlə yeksan edilib. İnsanın təbiətə düşmənçilik, antaqonist münasibətlərinin ən yüksək zirvəyə - pik nöqtəsi səviyyəsinə çatması floranın əsas hissəsinin məhvi, meşələrin düşünülmədən, gələcək fəsadları nəzərə alınmadan qırılması meşəsizləşmələrə səbəb olmuşdur. Yer kürəsinin ekoloji durumunun tamamilə pozulması, disbalans, güclü səhralaşma prosesinin yaranması nəticəsində ozon qatı zədələnmiş, qlobal istiləşmə və s. ekoloji böhranlar yaranmışdır.

İnsan canlı materiyanın ən sivilizasiyalı, dərrakəli, hər tərəfli inkişaf etmiş çox qüdrətli, möhtəşəm bir bio-sosial təbiətli varlığı, üzvüdür. Ona görə də təbiətdə mövcud olan bütün komponentlərin, sistemlərin, elementlərin hamısı yalnız insana, insan cəmiyyətinə, bəşəriyyətə xidmət etməlidir. Müasir sivilizasiya, qloballaşma və mədəniyyətiərarası dialoqa, multikulturalizmə (mədəniyyətlərin müxtəlifliyinə) inteqrasiya olunan cəmiyyətin hər bir üzvü - İnsan öz həyatının bütün sferaları haqqında müvafiq bilgilərə və məlumatlara malik olmalıdır. Bu baxımdan bu günün beynəlxalq səviyyədə qeyd olunmasında əsas məqsəd bəşəriyyətin diqqətini Yer kürəsi sakinlərinin yaşayış məskənləri mühitinin qorunması probleminə cəlb etməkdir. İnsan çox şey öyrənsə də bu inkişaf təəssüf ki insanlara xidmətlə bərabər digər tərəfdən qlobal istilik, təbii fəlakət və xəstəliklərin yaranmasına planetimizin ekoloji çirklənməsinə və təbiət böhranlarının yaranmasına səbəb olmuşdur. İnsan üçün yaradılmış və insanlara əmanət verilmiş planetimizin sakinləri əhalisinin sağlamlığının, sosial-iqtisadi və ekoloji tələbatının, əlverişli mühit şəraitinin, bir sözlə, onun bütün tələbatlarının təmin olunması üçün, yer kürəsinin bütün regionlarında, insan fəaliyyətinin bütün sferalarında, kəndlərdə, qəsəbələrdə və şəhərlərdə davamlı ekoloji tarazlığın yaxşılaşdırılması və bərpa olunması naminə səylə çalışmalı, planetimizi qorumalı və gələcək nəsillərə sağlam şəkildə təhvil verməlidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həmzəyev, Əlihəsən Alı oğlu. İnsan ekologiyası problemi və onun sosial-coğrafi aspekti /Ə.A.Həmzəyev; Elmi red.: A.Şükürov; Rəyçi: V.Həbiboğlu, E.Mehrəliyev. - Bakı: Elm, 1998. - 128 s.
  2. Səfərov, Surxay Həsən oğlu. Azərbaycanda müasir iqlim dəyişmələrinin bioekoloji aspektləri: monoqrafiya / S. H. Səfərov; "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Milli Aviasiya Akademiyası.- Bakı: Optimist MMC, 2021.- 495 s.
  3. Məmmədov, Nizami Mustafa oğlu. Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid = At the Threshold of Ecological Civilization: Transition to Green Energy = На пороге экологической цивилизации: переход к зеленой энергетике / N. M. Məmmədov, S. Y. Məmmədəliyeva; red. U. Ələkbərov.- Bakı: Şərq-Qərb, 2024.- 156 s.