2023-cü il dekabrın 11–də COP28-in Dubayda keçirilmiş plenar iclasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabr 2024-cü il tarixində Azərbaycanda, Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. COP29-un Bakıda keçirilməsi qərarı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il həm də olkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən bu məqsədlə Azərbaycan, ingilis və rus dillərində "COP29 Azərbaycan" adlı elektron layihə hazırlanmışdır. Altı bölmədən ibarət olan layihənin "COP" adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir. "COP29" bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır. "Rəsmi sənədlər" və "Xronika" bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, AZƏRTAC-ın və digər informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanmışdır. "E-resurslar" bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. "Biblioqrafiya" bölməsində "COP29 Azərbaycan"la bağlı dövrü mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elrektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.