2015-ci il may ayının 6-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycanın neft strategiyasının banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatında fransız dilində nəşr olunmuş “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan neftinin tarixi, ixracı və bugünkü ehtiyatları barədə ətraflı informasiyanın toplandığı kitabın Kanadada fransiz dilində nəşr edilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. M. Əhmədov xarici dillərdə çap olunan bu cür kitabların fransızdilli ölkələrdəki müxtəlif elmi mərkəzlərə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu nəşrlərin böyük əhəmiyyətini qeyd edib.
Təqdimat mərasimində Fazil Zeynalov kitab haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, əsası ümummilli lider tərəfindən qoyulan neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F. Zeynalov vurğulayıb ki, kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilib və bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli faktora çevrilməsi əsaslandırılıb.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov, Milli Məclisin deputatları Sahibə Qafarova, Musa Qasımlı və başqaları çıxış edərək F. Zeynalovun elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb, azərbaycanlı alimin ölkəmizin neft tarixindən, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bu sahədə həyata keçirilən layihələrdən və əldə olunan uğurlardan bəhs edən kitabının xarici ölkədə fransız dilində nəşr olunmasını yüksək dəyərləndiriblər.