2015-ci ilin fevralın 9-da Prezident Kitabxanasında XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) əsərinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
“Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandıran Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü Yaqub Mahmudov kitabın əhəmiyyətindən və məziyyətlərindən danışıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir.
Tədbirdə professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Bildirilib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.