2015-ci il yanvarın 28-də Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihənin təqdimatı keçirilib.
Müxtəlif qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, mədəniyyətinə dair əhəmiyyətli materialların elektron formatda, internetdə daha çox yayılmasına böyük önəm verdiyini vurğulayıb. “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” layihəsinin Azərbaycan və ingilis dillərində hazırlandığını diqqətə çatdıran M. Əhmədov vurğuladı ki, məqsəd ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksiyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov mənfur ermənilərin zaman-zaman həyata keçirdikləri işğalçılıq siyasətindən, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb. Qeyd edilib ki, Anadolu türklərinə, azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər dünya ictimaiyyətini çaşdırmaq məqsədilə qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirmək istəyirlər.
Təqdim edilən elektron layihənin əhəmiyyətindən söz açan Y.Mahmudov deyib ki, erməni vəhşiliklərini əks etdirən məlumatlar dünya ictimaiyyətinə daha ətraflı çatdırılmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, əslində soyqırımı törədənlər qəsbkar ermənilərdir.
Digər çıxış edənlər də məkrli erməni siyasəti nəticəsində tarixdə baş vermiş qanlı cinayətlərdən söz açıb, layihə ilə bağlı fikirlərini bildiriblər.