Tədbirin əvvəlində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru Mayıl Əhmədov anım mərasimini açaraq qeyd etmişdir ki, 2020-ci ildən etibarən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarda və Azərbaycan diaspor təşkilatlarında Anım Günü kimi qeyd edilir. O, 2020-ci ilin payızında davam edən 44 günlük müharibə nəticəsində üç minə yaxın şəhidlərimizin, minlərlə qazilərimizin və döyüşçülərimizin qəhrəmanlıqları sayəsində xalqımızın tarixinə Zəfər salnaməsinin yazıldığını bildirmişdir. 30 il ərzində Ermənistan ordusunun qurduğu bir neçə qat hərbi-istehkam qurğularının 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edilməsi Ermənistanı kaputilyasia aktını imzalamağa məcbur etmişdir. M.Əhmədov Müzəffər Ali Baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində və yeritdiyi uğurlu xarici siyasət sayəsində bu gün Azərbaycanın dünyanın ən nüfuzlu ölkələr cərgəsində dayandığını bildirmişdir.
Anım mərasimində çıxış edən Kitabxananın bölmə müdirləri Nazim Mustafayev və Zakir İsmayılov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna ehtiram göstərildiyini və onların xatirəsinin uca tutulduğunu, Anım günü və Zəfər günü münasibətilə elektron resurslar hazırlanaraq istifadəçilərin ixtiyarına təqdim etdiklərini bildirmişlər.