2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilib.
Milli Məclisin deputatların, tarixçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib. O bildirib ki, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır.
Kitabın müəlliflərindən biri olan ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorov tədbirə onlayn qoşularaq tədqiqatın aktuallığından danışıb. Diqqətə çatdırıb ki, XX əsrin 80-ci illərinin sonundan bəri Azərbaycan xalqının yaşadığı ərazi bütövlüyü problemi ilə 2013-cü ildən başlayaraq Ukrayna da qarşılaşıb.
Qeyd edilib ki, təqdimatı keçirilən kitab tarixin ən dərin qatlarına işıq salaraq mühüm məqamları üzə çıxarır. Rus dilində yazılan bu əsər daha geniş auditoriyanı əhatə edir ki, bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıyır.
Daha sonra siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov kitabın I cildi haqqında geniş məlumat verib. Bildirib ki, bu cild ön sözdən və 4 fəsildən ibarətdir. Ön sözdə çoxsaylı nümunələr əsasında erməni tarixşünaslığının saxtakarlıq ənənələrinə nəzər salınır, oxucular ermənilərin Azərbaycan tarixi ilə yanaşı, digər xalqların - gürcülərin, türklərin, rusların, ukraynalıların mədəni və tarixi irsinə qarşı irəli sürdükləri əsassız iddialarla tanış edilir.
Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyev, millət vəkilləri Hikmət Babaoğlu, Musa Qasımlı, Elman Nəsirov, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu əsər Azərbaycanın az öyrənilmiş tarixinə işıq salır. Kitabda erməni saxtakarlığı erməni müəlliflərinin öz dili ilə ifşa edilib ki, bu da çox vacibdir.