2013-cü il iyunun 28-29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının onilliyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri və bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrdən - Türkiyə, Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan nümayəndələr iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Prezident Kitabxanasının incəsənət ədəbiyyatı zalında “Əsirlikdə olan mədəni abidələrimiz” mövzusunda fotosərginin və internet zalında “Azərbaycan motivləri” adlı rəsm sərgisinin açılışında iştirak etmişlər.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, konfransın məqsədi kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirələr aparmaq, həmkarların təcrübəsini öyrənmək və tətbiq etməkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini Oqtay Şahbazov bildirmişdir ki, Prezident Kitabxanası 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Həmin vaxtdan etibarən İşlər İdarəsi dövlətimizin başçısının göstərişləri əsasında kitabxananın müasir mədəniyyət ocağı və informasiya mərkəzi kimi formalaşması üçün nəzərdə tutulan işlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir.
Konfransda Prezident Kitabxanasının elmi katibi Kamalə Sarıcalinskaya “Prezident Kitabxanası- 10 il” mövzusunda təqdimatla çıxış etmişdir.
Sonra Prezident Kitabxanasının məsləhətçisi Tuncay Hüseynzadə kitabxananın saytının yenilənmiş variantını təqdim etmişdir.
Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşininin konfrans iştirakçılarına videomüraciəti səsləndirilmişdir.
Tədbirdə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Milli Kitabxana cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi”, Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabkonun “Prezident Kitabxanası və Rusiyanın informasiya landşaftı: inkişaf istiqamətləri”, Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini Lyudmila Naumovanın “Sənəd-informasiya təminatı sahəsində Belarus Prezident Kitabxanasının iş təcrübəsi”, Türkiyə Böyük Millət Məclisi (TBMM) kitabxana və arxiv xidmətinin rəhbəri Mehmet Toprakın “TBMM-də sənəd və biblioqrafik informasiya xidmətinin aspektləri”, Bakı Dövlət Universitetinin kitabxanaçılıq kafedrasının müdiri, professor Abuzər Xələfovun “Prezident Kitabxanasının yaranması tarixindən” və digər mövzularda məruzələr dinlənilmişdir.