2019-cu ilin iyulun 5-də Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı keçirilib.
Tədbiri açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov elektron resursun yaradılmasında məqsədin Azərbaycan diplomatiyasının keçdiyi keşməkeşli tarixi yolu işıqlandırmaq və təbliğ etmək olduğunu deyib. “Elektron resursun təqdimat mərasiminin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti var. Məhz 1919- cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixi əsas tutularaq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il iyul ayının 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib”, - deyə o əlavə edib.
M. Əhmədov elektron resursun strukturu haqqında məlumat verərək qeyd edib ki, resurs 6 fəsil və 19 bölmədən ibarətdir. Kitabxananın direktoru istifadəçilərə təqdim edilən elektron layihənin maarifçilik xarakteri daşıdığını, xüsusən Azərbaycanın xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat aparan şəxslər və KİV-lər üçün zəngin informasiya mənbəyi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək təqdim edilən elektron resursun əhəmiyyətindən danışıb. O, Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı tədbirlər silsiləsinin məhz kitabxanadan başlanmasının əlamətdar hal olduğunu vurğulayıb. Bildirib ki, xarici siyasət və diplomatik fəaliyyətlər intellektual xarakter daşıyır. Buna görə də bu sahələrdə daim yeni resurslara, vacib sənədlərə, ədəbiyyata müraciət etmək lazımdır. Bu baxımdan da təqdim edilən bu resursda xarici siyasətimizin fəaliyyətinin bir sıra aspektlərini, ən vacib istiqamətlərini əhatə edən virtual müqavilə-hüquq bazası, ikitərəfli əlaqələrimizin dinamikası, dövlətimizin başçısının bilavasitə fəaliyyəti, çıxışları, nitqləri, imzaladığı sərəncamlar, o cümlədən xarici siyasət fəaliyyəti üzrə müxtəlif araşdırma materialları cəmlənib.
Sonra Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Prezident Administrasiyasının məsul əməkdaşı Gülşən Paşayeva, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalov çıxış edərək elektron layihənin əhəmiyyətindən danışıb, onun daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.