2016-cı ilin noyabrın 24-də Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” əsərlərinin təqdimatı olub.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun, Prezident Kitabxanasının və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi, Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə bu elm müəssisəsinin aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.
Tədbirdə çıxış edən Güntəkin Nəcəfli, Nazim Mustafa, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli və başqaları İrəvan torpağının qədim Azərbaycana aid olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.