10 may 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasının Konfrans zalında tədbir keçirilib. Tədbir iştirakçıları kitabxanada yerləşən büstün önünə gül çələngi qoyaraq Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və Oxu zalında təşkil olunmuş kitab sərgisinə baxıblar.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər arasında Heydər Əliyev özünün müstəsna xidmətləri ilə seçilir. Onun adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunub. Onun bir qərinəlik irsi yaxın keçmişimizin güzgüsüdür. Heydər Əliyev irsi həm tarixi salnamədir, həm də bu günümüzə və gələcəyimizə işıq saçan sanki bir mayakdır.
Tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyevin zəngin idarəetmə təcrübəsi sayəsində özündən əvvəlki hakimiyyətlər dövrünün səriştəsiz idarəçiliyindən miras qalmış hərc-mərcliyə, anarxiyaya, özbaşınalığa son qoyulub.
Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi potensialı və bərqərar olan sabitlik imkan verir ki, ölkəmiz bir sıra beynəlxalq miqyaslı tədbirlərə və idman yarışlarına ev sahibliyi etsin.
Tədbirdə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları, ümummilli liderin həyat və fəaliyyətinin bütün məqamlarını, onun zəngin irsini, haqqında yazılan kitab və məqalələri özündə əks etdirən, hazırda çox böyük istifadəçi kütləsinə malik olan “Heydər Əliyev. Elektron sənədlər toplusu”nun yeni-yeni materiallarla daha da zənginləşdirilməsi qərara alınıb.
Tədbirin sonunda Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş edilib.