2008-ci il mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” istifadəçilərə təqdim edilib. Kitabxananın kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, kitab və dövri nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək elektron layihə barədə məlumat verib. Bildirib ki, layihədə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, söhbətlərinin, bəyanatlarının, təbriklərinin və müsahibələrinin elektron versiyaları ayrı-ayrı başlıqlar altında toplanıb və illər üzrə xronoloji ardıcıllıqla qruplaşdırılaraq “Sənədlər” bölməsində toplanıb. “Biblioqrafiya” bölməsində Heydər Əliyev haqqında kitab, dövri mətbuat materiallarının və avtoreferatların biblioqrafiyası yerləşdirilib.
“Xronologiya” bölməsində 1923-1969, 1969-1982, 1983-1990, 1990-1993 və 1993-2003-cü illərdə Heydər Əliyevin həyatının mühüm mərhələləri xronoloji ardıcıllıqla işıqlandırılır.
Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam xronologiyası tərtib edilərək “Xarici siyasət fəaliyyəti” bölməsində istifadəçilərə təqdim olunub.
Elektron layihədə “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin və Kitabxana fonduna daxil olan Heydər Əliyev haqqında yazılan kitabların və seçilmiş məqalələrin elektron versiyaları öz əksini tapıb.