Tədbirlər

Mir Cəlal Paşayev - 100

Mir Cəlal Paşayev - 100

Mir Cəlal Paşayev - 100

2008-ci ilin aprelin 22-də Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə yazıçının həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olublar.
Daha sonra görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Mir Cəlal Paşayev – 100” elektron layihə təqdim edilib. Elektron nəşr Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və biblioqrafiyasını da özündə əks etdirir.
Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan klassik ədəbiyyatı kafedrası ilə birgə keçirilən tədbiri Kitabxananın direktoru Mayıl Əhmədov açaraq bildirib ki, görkəmli alim haqqında ilk biblioqrafiya 1968-ci ildə ədibin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında, ikinci bibilioqrafiya isə 90 illiyi münasibətilə M.F. Axundov adına Dövlət kitabxanasında hazırlanıb. Birinci biblioqrafiyada 944, ikincidə 238 istinad vardırsa, indiki göstəricidə 1950 istinad vardır.
Tədbirdə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, yubilyarın tələbələri, filologiya elmləri doktorları, , BDU-nun professorları Qara Namazov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, İfrat Əliyeva, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu Mir Cəlal Paşayevin müəllim, yazıçı və ədəbiyyatşünas alim kimi fəaliyyətini eyni dərəcədə yüksək dəyərləndirmişlər. Tədbirdə yazıçı ilə ciyin-ciyinə işləmiş tələbələri Mir Cəlalın yüksək insani keyfiyyətlərindən, onlara sonsuz diqqət və qayğısından ətraflı söz açmış, onunla bağlı xatirələrini danışıblar.
Tədbirin sonunda professor Hafiz Paşayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.