17 noyabr 2016-cı il tarixində Prezident Kitabxanasının Konfrans zalında görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilib.
Görüş Abuzər Xələfovun 85 illik yubileyi çərçivəsində təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, bu gün Azərbaycan kitabxanaçılarının mütləq əksəriyyəti Abuzər Xələfov məktəbinin yetirmələridir. Vurğulanmışdır ki, Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi məktəb yaradıb, bu sahə üzrə elmi-pedaqoji kadrların hazırlığında böyük işlərə imza atıb. O, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı neçə-neçə tədqiqatçının elmi işinə rəhbərlik edib. Onun monoqrafiyaları və dərslikləri tələbələrin, o cümlədən tədqiqatçıların masaüstü kitablarıdır.
Görüşdə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Mələkxanım Hacıyeva, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri, dosentlər Sevda Quliyeva və Rasim Süleymanov, Xətai Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Prezident Kitabxanasının sektor müdiri Əliyusif Məmmədov çıxış edərək Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki tədqiqatlarından, ölkəmizdə kitabxanaçılar ordusunun yetişdirilməsində göstərdiyi fədakar əməyindən, xeyirxah əməllərindən danışmış, onu Azərbaycan kitabxanaçılarının patriarxı kimi xarakterizə etmişlər.
Tədbirin sonunda yubilyar onun əməyinə göstərilən böyük diqqətə görə təşəkkürünü bildirmiş, keçdiyi həyat yolundan bəhs etmişdir.