6 may 2011-ci il Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, kitabxananın əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanası direktorunun müavini Cəmilə Talıbzadə Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edib və vurğulayıb ki, bu gün təqdimatına toplaşdığımız monoqrafiya bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü Azərbaycan elmi, akademiyamız üçün əlamətdar hadisədir. Milli Elmlər Akademiyasını Azərbaycanın elm məbədi, xalqımızın milli iftixarı kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev elm adamına, onun Vətən üçün çox gərəkli olan əməyinə yüksək qiymət verirdi.
Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyasının məziyyətlərindən danışan A. Həşimov qeyd edib ki, bu qiymətli əsər Ulu öndərə çoxsaylı elmi və elmi-publisistik məqalələr, kitablar, o cümlədən “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyasını həsr etmiş alimin növbəti çox sanballı əsərdir.
Daha sonra çıxış edən professor Adil Məmmədov, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və dosent Yeganə Gözəlova monoqrafiyanın elmi əhəmiyyətini yüksək qiymətləndiriblər, müəllifin bu kitabdan öncə Heydər Əliyevin irsini öyrənilməsi istiqamətində 150-dən çox əsər ərsəyə gətirdiyini xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən Yaqub Mahmudov monoqrafiya haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatından keçən tarixi şəxsiyyət olduğunu vurğulayan müəllif qeyd edib ki, ümummilli liderin irsinin daha dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində elmi araşdırmalarını bundan sonra da davam etdirəcəkdir.