2014-cü il aprelin 24-də Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihənin yenilənmiş variantının və onun yeni yaradılmış ingilis dili versiyasının təqdimatı olub.
Tədbirin iştirakçıları əvvəlcə kitabxananın İnternet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitabların CD-ləri ilə tanış oldular. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin sürəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb oldu.
Daha sonra tədbir Konfrans zalında davam etdirildi. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan elektron layihənin ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynamışdır. O qeyd etdi ki, “Naxçıvan Muxtar Respublikası” elektron layihəsi hələ beş il bundan öncə hazırlanıb. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm layihənin Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirmiş, həm də onun ingilis dilində yeni versiyasını hazırlamışlar. “Ümumi məlumat”, “Tarix”, “Təhsil və səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “E-resurslar” adlı 6 bölmə və 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı, Siyavuş Novruzov, Rafael Hüseynov və Qüdrət Həsənquliyev çıxış edərək “Naxçıvan Muxtar Respublikası” elektron layihəsinin ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışıblar. Bildiriblər ki, layihə Naxçıvan barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də xarici ölkələrin elmi ictimaiyyəti üçün əsaslı mənbə rolunu oynayacaqdır.