2013-cü il dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimatı keçirilib.
Layihənin rəhbəri, kitabların elmi redaktoru, giriş məqalələrinin müəllifi Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açdı.
Prezident Kitabxanası ilə AMEA-nın Tarix İnstitutunun sıx əməkdaşlığından danışan direktor vurğuladı ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz bizim kitabxanada keçirilib. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı bir çox kitabların elektron versiyalarının hazırlanmasında birgə fəaliyyət göstəririk. Bizim kitabxanada yeganə olaraq Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən, onun irsinin bütün külliyyatını özündə cəmləşdirən “Heydər Əliyev. Elektron sənədlər toplusu” hazırlanıb.
Təqdimat mərasimdə çıxış edən layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Ulu Öndərin irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açdı.
Qeyd edildi ki, hər iki nəşr tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının və torpağının yorulmaz təəssübkeşi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdılar və təqdimatı keçirilən kitabların dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söylədilər.