2012-ci ilin iyulun 5-də Prezident Kitabxanasında tarixçi alim, qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Solmaz Qaşqayın şəxsi kitabxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına verilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ömrünü Azərbaycan ərazisində yaranmış qədim dövlətlərin tarixini öyrənməyə həsr edən S. Qaşqay nəinki ölkəmizdə, həmçinin Yaxın Şərq tarixini araşdıran nüfuzlu xarici tədqiqatçılar arasında da sayılıb seçilir.
S. Qaşqay qədim dövr kitabələrini, mixi yazılarını oxuya bilən nadir tədqiqatçılardan biri idi.
Kitabxananın direktoru tanınmış alimin şəxsi kitabxanasından seçilmiş böyük bir kitab kolleksiyasının onun ailəsi tərəfindən Prezident Kitabxanasına təqdim edilməsini təqdirəlayiq hadisə kimi qiymətləndirilib. 300-dək nadir nüsxədən ibarət həmin kolleksiyanın Prezident Kitabxanasının oxucuları üçün çox qiymətli hədiyyə olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin məsul əməkdaşı Eldar Əmirov dünyanın bir çox ölkəsində məşhur alimlərin şəxsi kitabxanalarının xüsusi fondlara və kitabxanalara verilməsi təcrübəsindən danışıb, Solmaz Qaşqayın şəxsi kitabxanasının Prezident Kitabxanasına təhvil verilməsini ölkəmizdə əvvəllər mövcud ənənənin yenidən dirçəldilməsi, kitabxananın fondunun zənginləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib.
Alimin bacısı, coğrafiya elmləri doktoru Rəna Qaşqay S. Qaşqayın ailəsi və yaxınları adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. R. Qaşqay görkəmli alimlərin şəxsi arxivlərinin kitabxanaların fondlarına verilməsinin Azərbaycanda ənənə halını almasını arzulayıb.
Sonda S. Qaşqayın elmi fəaliyyəti barədə slaydlar nümayiş etdirilib, alimin Prezident Kitabxanasına təqdim olunan kitablarına baxış keçirilib.