Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən oktyabr ayının 25-inin “Qubadlı şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Qubadlı” elektron layihəsi oktyabrın 25-də istifadəyə verilib. Layihədə Qubadlının son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rayonun işğaldan azad edilməsinin xronologiyası, rəsmi sənədlər, maddi-mədəni abidələri, işğaldan azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.