2017-ci ilin mart ayının 29-da Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirdi ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımızın tərəqqisinə böyük təkan verir.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verdi ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Milli mədəni irsimizin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə də məlumat verən S. Abbasov bildirdi ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkilləri Siyavuş Novruzov, Elman Nəsirov, Elmira Axundova, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, Ş. Salamov və digər çıxış edənlər ölkəmizin Özbəkistandakı səfirliyi tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndiriblər.
Sonda “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filmi nümayiş olunub.