E-Layihələr

Üzeyir Hacıbəyli

Layihə haqqında

Prezident Kitabxanası tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli” adlı elektron layihə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində hazırlanıb. Layihə, dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, pedaqoq, publisist, dramaturq və ictimai xadim olan Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini və zəngin irsini əhatə edir. 3 dildə hazılanmış layihə 12 bölmə və 23 altbölmədən ibarətdir.
Layihənin “Bəstəkar” bölməsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını, bioqrafiyasını, xronologiyasını, haqqında xatirələri, iqtibasları, mahnıları, notları, əlyazmaları həmçinin musiqi və elmi fəaliyyətini sistemli şəkildə əks olunub.
“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə onun xatirəsinə ucaldılmış abidələr, yaradılmış ev muzeyləri və digər xatirə məkanları haqqında məlumat verilir.
“Musiqili komediyalar” hissəsində bəstəkarın Azərbaycan musiqi sənətində yeni janr kimi formalaşdırdığı musiqili komediyalar, onların mövzusu və səhnələşdirilməsi ilə bağlı məlumat təqdim olunur.
“Operalar” başlığı altında isə Üzeyir Hacıbəylinin Şərqdə ilk operanın müəllifi kimi operaya verdiyi töhfələr, yaratdığı əsərlər və onların Azərbaycan musiqi mədəniyyətindəki rolu əks etdirilir.
Layihədə Üzeyir Hacıbəylinin dövlətçilik tariximizdəki müstəsna roluna, o cümlədən Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının Dövlət Himnlərinin müəllifi kimi tarixi xidmətlərinə xüsusi diqqət yetirilir.
Layihənin digər önəmli istiqamətlərindən biri kimi Üzeyir Hacıbəylinin publisistika sahəsindəki fəaliyyəti təqdim olunub; bu bölmədə məqalələrin, məktubların, məruzə və çıxışların, resenziyaların, felyetonların tam mətnləri toplanıb.
“Rəsmi sənədlər” bölməsi isə bəstəkarla bağlı qəbul edilmiş sərəncamların tam mətnlərini özündə birləşdirir.
“E-resurslar” bölməsində onun həyat və yaradıcılığına həsr olunmuş kitabların və məqalələrin elektron versiyaları, “Biblioqrafiya” bölməsində isə əsərlərinin, ona həsr olunmuş kitabların, avtoreferatların, məcmuələrin və məqalələrin biblioqrafiyası təqdim edilir.
Fotoqalereya, Videoqalereya və Səsyazmaları bölmələri dahi bəstəkarın zəngin yaradıcılıq irsini daha dərindən tanıtmağa xidmət edir. Fotoqalereyada Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair nadir görüntülər, videoqalereyada onun operaları və operettalarından seçilmiş səhnələrin videoları, səsyazmalar bölməsində isə musiqi əsərlərinin audio nümunələri yer alır.