Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Füzuli rayonunun işğal altında olan hissəsi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabr ayının 17-sinin “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Füzuli şəhəri və Füzuli rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, füzulililər öz doğma yurdlarına qayıdırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Füzuli” layihəsi Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan azad edildikdən sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.