2004-cü ilin sentyabrından istifadəçilərə təqdim edilmiş tammətnli elektron layihədə Azərbaycanın neft strategiyasının bütün aspektləri əhatə olunur. Elektron layihə yeddi bölmədən, dörd altbölmədən ibarətdir.
“Azərbaycanın neft strategiyası” bölməsində ilk neft müqaviləsi - “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən 2002-ci ilədək ümummilli lider Heydər Əliyevin nitqləri, çıxışları və bəyanatları toplanıb. “Rəsmi sənədlər” bölməsində “Əsrin müqaviləsi”nə dair Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunlar, fərmanlar, sərəncamlar və Nazirlər Kabinetinin qərarları təqdim olunur. “Neft və qaz kəmərləri”, “Dövlət Neft Fondu”, “Beynəlxalq sərgi və konfranslar” bölmələrində Azərbaycanın neft və qazının dünya bazarlarına nəqli, neft və qaz sənayesi ilə bağlı beynəlxalq tədbirlər haqqında məlumat, eləcə də qanunvericilik sənədləri öz əksini tapmışdır. Layihənin “E-resurslar” bölməsində kitabların və məqalələrin elektron versiyaları toplanmışdır. “Biblioqrafiya” bölməsində isə elektron layihənin mövzusunu əhatə edən kitablar, məqalələr təqdim edilir.